Mingəçevirdə məskunlaşmış zəngilanlıların sevinci

0
129

İyirmi yeddi ildir ki, yurd həsrəti ilə yaşayan zəngilanlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 27 ildir ki, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın etməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, o cümlədən Zəngilan sakinlərində də böyük ruh yüksəkliyi yaradıb.

Azərbaycan Ordusunun ard-arda düşmənə zərbələr endirdiyi bu günlərdə bütün xalqımız kimi zəngilanlılar  qələbə sevincini yaşayırlar. Mingəçevirdə məcburi köçkün olan Zəngilan ailələrinin sevinclərinə biz də şərik olduq.

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən 20 oktyabr 2020–ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı düşmən işğalından azad olundu. Bu xəbəri eşidən zəngilanlılar yaşadıqları ərazidə bayram edir, qələbə sevincini yaşayırlar.

Bu sevinc hisslərini bizimlə bölüşən zəngilanlı ailə Milli Qəhrəman  Dilqəm Nağıyevin bacısı Nəzakət Süleymanova və oğlu  Nurlan  ilk dəfədir ki, belə qürur dolu anlar yaşadığını dedilər: “Ordumuz, Ali Baş Komandanımız var olsun. Televiziyadan bu xəbəri eşidən kimi yoldaşıma iş yerinə zəng edib göz aydınlığı verdim. Dedim ki, daha sən köçkün deyilsən. İnanın, yoldaşım bu xəbərdən özünü itirdiyindən telefonda mənə bir söz deyə bilmədi. Çünki bu xəbəri biz 27 il gözləmişik. Mən Zəngilana gəlin köçmüşəm. İlk həmin torpağa ayağımı basan kimi qayınatamın qəbrini ziyarət edib deyəcəm ki, ay qayınata, ruhun şad olsun torpaqlarımız erməni işğalından azad olub. Qayınanam da bu dünyadan torpaq həsrəti ilə köçdü”.

 Nurlan hələ gənc olsa da Zəngilanı görmədiyini deyir. Amma televiziyadan o tərəflərin necə gözəl bir diyar olduğunu gördüyünü deyir: ”Əmilərim, atam həmişə Zəngilanın çinar meşələrindən qızıl, metal yataqları ilə tanınan bir diyar olduğunu anlatmışlar. Çox tələsirəm ki, ata- baba yurduna tez qovuşaq. İnşallah, ordumuzun  sayəsində bütün torpaqlarımız azad olacaq və bu sevincli günləri hələ çox yaşayacağıq”.

Məhərrəmova Bağdagül də Zəngilan  sakinidir. “Bu sevincimizi sözlə ifadə etmək çox çətindir. Hər gün torpaqlarımızın bir hissəsi düşmən tapdağından xilas edilir. Bu 27 ilin həsrəti artıq sevinclə əvəzlənir, biz köçkün düşəndə 22 yaşında gənc gəlin idim. İndi 50 yaşlı bir qadın kimi vətənimə dönəcəm”, – deyə o bildirib.

Onlar bu qələbə xəbərləri üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuza təşəkkür edirlər. Əminliklə bildirirlər ki, uğurlu əməliyyatların davamı çox olacaq və bayrağımız işğal edilən bütün torpaqlarda dalğalanacaq.

Sonda məcburi köçkünlər mingəçevirlilərə də təşəkkürlərini bildirərək qeyd etdilər ki,bu müddət ərzində onlar bizə həm ana,ata,bacı,qardaş olublar.Heç vaxt mingəçevirliləri unutmayacaqlarını da dedilər.

Esmira Hidayətova, Mingəçevir