Mingəçevirlilər “Hoqqa”ya baxdılar

827

“Hoqqa” filminin qəhrəmanları Mingəçevir Dövlət Dram Teatırında imza günü keçiriblər. Tədbir çərçivəsində tamaşaçılara film haqqında da ətraflı məlumat verilib. Ssenari müəllifi Fariz Əliyev bizimlə söhbətində bildirib ki, rayonda yaşayan Qızxanım “feysbuk” sosial şəbəkəsində Eşqin adlı bir oğlanla tanış olur və onu özünə valeh edir. Həmin bəyə də təklif edir ki, gəlib onu qaçırtsın. Oğlan da onu dostunun meyid daşıyan maşınında qaçırdır. O qızı qaçırdana qədər, yolda çıxartmadığı hoqqalar qalmır. Elə filmin adı da həmin hadisələrdən götürülüb”.

 

Qızxanım rolunun ifaçısı Əməkdar artist Dilarə Əliyeva komediya janrında olan filmin Quba rayonunda çəkildiyini vurğuladı. O həmçinin hava şəraiti ilə əlaqədar çəkilişlərin heç də asan getmədiyin bildirdi: “Biz tamaşaçılara, sözün əsl mənasında, “Hoqqa”nı təqdim etmək üçün çox hoqqalardan çıxdıq. Çıxmadığımız oyunlar qalmadı. Gülməli bir film təqdim etməyə çalışdıq. Ümid edirik ki, bu, bizdə alındı. Onu da deyim ki, komediya adına nə varsa, bu filmdə var. “Hoqqa” adı artıq hər şeyi deyir və filmdə nələrin olacağından xəbər verir. Tamaşaçılara səslənib deyirəm ki, getsinlər, bu filmi seyr etsinlər. İnşallah, baxıb bəyənərlər”.

Dilarə xanım həmçinin yeni filmlərlə bağlı çoxlu  təkliflər aldığını vurğuladı və qeyd etdi ki, qismət olarsa, o filmlərdə də rol alcaq”.

Qeyd edək ki, filmin qurluşçu rejissoru Cavid Təvəkküldür. Filmdə Dilarə Əliyeva, Elməddin Cəfərov, eləcə də Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov və başqaları çəkilib.

Daha sonra tamaşaçılar bu ekran əsərini filmin qəhrəmanları ilə birgə izləyiblər.

 

Esmira Hidayətova, Mingəçevir