Mingəçevirdə güc idman növləri festivalı keçirilib

1014

Mingəçevirdə “Sağlam nəsil, sağlam gələcək” adlı güc idman növləri festivalı keçirilib. Bu idman tədbirinin ilk günü sumo (yapon güləşi) və masvrestinq idman növləri üzrə yarışlar təşkil olunub. Festivalda Mingəçevir, eləcə də Naxçıvan Muxtar Respublikası, Gəncə, Bərdə, Lənkəran, Ağcabədi, Yevlax, Zaqatala rayonlarının idmançıları da öz bacarıqlarını nümayiş etdiriblər. Yarışı izləməyə gələnlər arasında idman mütəxəssisləri ilə yanaşı, Mingəçevir şəhər rəhbərliyi və Mingəçevir Polis Şöbəsinin əməkdaşları da olublar.

 

 

Yarışın ikinci günü ağırlıq qaldırmanın poverliftinq (üçnövçülük) növü üzrə Mingəçevir şəhər açıq çempionatı keçirilib. Yarışda  Azərbaycan Poverliftinq Federasiyasının vitse prezidenti, dəfələrlə Dünya, Avropa çempionu, dünya rekordçusu Rüfət Ağayev də iştirak edib.

Yarışın sonunda Dünya, Avropa çempionları – Vüsal Mərdanov, Namiq Mehtiyev, Zərifə Hüseynova, Rövşən Xəlilov, Respublika çempionları, beynəlxalq yarışların mükafatçıları Elxan Muxtarlı, Bəxtiyar Qurbanov, Murad Qurbanov tədbir iştirakçılarına daha yaddaqalan anlar yaşadıblar.

Tədbirin sonunda  yarışın sponsoru “Sibiriski Zdoroviya” korparasiyasının rəhbəri Alla Pavlova tərəfindən yarışın qaliblərinə və fəxri qonaqlara hədiyyələr verilib.

 

Sonda onu da qeyd edək ki, yarışı Dünya Avropa çempionu, dünya rekordçusu Samir Məmmədovun təşəbbüsü ilə Mingəçevir gənclər idman idarəsinin rəisi Kamal Nəcəfli təşkil edib. Əldə etdiyimiz məlumata görə, gələcəkdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Esmira Hidayətova, Mingəçevir