Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” müzakirə olunub

0
464

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 10 saylı tam orta məktəbn birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Abdullayeva, Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan direktor müavini Elfira Abdullayeva dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycan dövlətinin müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır və müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.

 

“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edən DQİDK-nin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Mingəçevir ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev, Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfov, məktəbin tarix müəllimi Yeganə Bədəlova film ətrafında aparılmış müzakirələrdə çıxış edərək filmdən təsirləndiklərini bildiriblər.

Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb..

 

Esmira Hidayətova, Mingəçevir.