Mingəçevirdə Gənclər Günü qeyd edilib

585

2 fevral  – Gənclər Günü münasibəti ilə Mingəçevir şəhərindəki Ağ sarayda musiqili, əyləncəli tədbir keçirilib. Tədbirdə çıxış edən Mingəçevir şəhər icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Sahib Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyini bildirib. O bu bayramı ulu öndərin gənclərin ərmağanı kimi dəyərləndirib. “Gənclərimizə qayğı bir ənənədir və bu gün Prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir”, – sözləri ilə çıxışını davam etdirən Sahib müəllim daha sonra deyib: “Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Mingəçevir gənclərinin ictimai, elm, idman və mədəni sahələrdə fəallığının təmin edilməsi üçün zəruri addımlar atılıb. Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün Gənclər Evi, Kür Olimpiya İdman Mərkəzi, Sahil parkı yenidən bərpa edilib onların ixtiyarına verilib”.

Mingəçevir Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli gəncləri təbrikdən sonra qeyd edib ki, gənclərimiz ölkə üzrə keçirilən müxtəlif idman yarışlarında ötən il şəhərə 107 medal gətiriblər: “Onu da fəxrlə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən 5 il ərzində gənclərimiz 188 layihə həyata keçiriblər. Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük üfüqlər açılıb. Hər bir gənc öz yolunu Müstəqil Azərbaycan Respublikasının  həyat yolu kimi qəbul etməlidir. Biz də ümidimizi bu gəncliyə bağlamışıq. Biz siz gənclərə güvənib deyirik ki, ölkə iqtisadiyyatı inkişaf edir, quruculuq işləri aparılır, Azərbaycan dünyada daha da güclü dövlət kimi tanınır”.

Daha sonra Gənclər və İdman İdarəsi bir qrup fəal gəncə qazandıqları naliyyətlərə görə fəxri fərman və diplomlar təltif edib.

Gənclər şən musiqi sədaları altında rəqs ediblər, mahnı oxuyublar.

Esmira Hidayətova, Mingəçevir.