Mingəçevirdə fəxri ad almış müəllimlərlə görüş keçirilib

86

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fəxri ad almış müəllimlərlə görüşüb. Bu münasibətlə keçirilən tədbirdə Mingəçevirin orta məktəb və uşaq bağçasının direktorları, fəxri ad almış müəllimlər iştirak ediblər.

İcra başçısı əvvəlcə öz çıxışında Azərbaycanda təhsilin inkişafından danışıb. Bildirib ki, təhsilimizə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir: ”Mingəçevir təhsili həmişə öndə olub və bu gün də bu ənənə davam etməkdədir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Eləcə də Mingəçevirdə təhsil həmişə öndə olub. Bu da siz müəllimlərin əməyiniz sayəsində həyata keçirilir. Bunun nəticəsidir ki, 2021-2022-ci tədris ilində Mingəçevir təhsilində XI-ci siniflər üzrə 44 nəfər, IX-cu siniflər üzrə isə 45 nəfər fərqlənmə attestatı alıb. 30 şagirdimiz 600-dən yuxarı bal toplayıb, iki Prezident təqaüdçümüz var. Bütün bunlar sizin əməyinizin bəhrəsidir. Bunun bariz nümunəsidir ki, Prezidentimiz həmişə müəllim əməyini qiymətləndirib. Çox sevindirici haldır ki, Mingəçevirin 3 müəllimi fəxri ada layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamına görə Mingəçevir Təbiət Riyaziyyat Humanitar Elmlər Təmayüllü Liseyin tarix müəllimi Ruhiyyə Abbasova “Əməkdar müəllim”adı alması münasibəti ilə təbrik edirəm. Eləcə də 13 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aygün Məmmədovanı,17 nömrəli tam orta məktəbin biologiya müəllimi Günay Kərimovanı “Tərəqqi”medalına layiq görülmələri ilə təbrik edirəm. Hər birinizə pedaqoji fəaliyyətinzdə uğurlar arzulayıram”.

 

Daha sonra Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhəri üzrə  təhsil sektorunun  müdiri Sevinc Həsənova və fəxri ad almış müəllimlər çıxış edərək bildiriblər ki, təhsilə olan dövlət qayğısı ölkəmizin xöşbəxt gələcəyinə hesablanıb.

Tədbirin sonunda fəxri ad almış müəllimlər, eləcə də təhsildə fərqlənən müəllimlər icra

hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyələri ilə təltif olunublar.

Esmira Hidayətova, Mingəçevir