Mingəçevirdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi olub

736

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə Mingəçevirdə müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durumla bağlı 9 şəhər və rayonun aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Aprelin 27-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Zərdab, Qobustan rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dini qurumlarla iş üzrə komissiya sədrləri çıxış ediblər.

Etibar Nəcəfov dinə dövlət qayğısından danışaraq ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasi kursun  hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu qeyd edib. Etibar Nəcəfov bununla belə zərərli dini cərəyanlara qarşı alternativ maarifləndirmə və təbliğat tədbirlərinin vacibliyini vurğulayıb. O, bölgələr üzrə dini  durumun mövzud vəziyyətini şərh edib.

Məruzələrdə qeyd olunub ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin bərpası, normal dövlət-din münasibətlərinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edib. Bu məsələlərin düzgün tənzimlənməsinə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də xüsusi diqqət yetirilib. Bir çox dini ibadətgahların, məscidlərin əsaslı təmir olunması, yenilərinin tikilməsi buna əyani sübutdur. Bu gün ölkəmizdə milli-mənəvi, dini dəyərlərə hörmətlə yanaşılır və tolerantlıq münasibətləri mövcuddur, bütün millətlərin və din nümayəndələrinin birgə iş və yaşayış şəraiti vardır. Belə bir sağlam mühitin  formalaşmasının nəticəsidir ki, ölkəmizdə qeyd olunan istiqamətlərə həsr olunan müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Tanınmış şəxslər, ictimai-siyasi xadimlər Azərbaycanda yaranan tolerant mühiti, multikultural dəyərləri yüksək qiymətləndirirlər. Natiqlər bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində ölkəmizin bölgələrində etno-siyasi və dini durumla bağlı vəziyyət normaldır, bu sahələrdə heç bir problem mövcud deyil. Natiqlər maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparıldığını diqqətə çatdırıblar. Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, müşavirədə hüquq-mühafizə orqanlarının nümayəndələri, regional təhsil və mədəniyyət idarələrinin müdirləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin rəhbərləri də iştirak edib.

Esmira Hidayətova,Mingəçevir.