Mingəçevirdə daha bir şəhidin yaşadığı binaya xatirə lövhəsi vurulub

241

Mingəçevirdə demək olar hər gün bir şəhidin adınının əbədiləşməsi üçün xatirə lövhəsi və ya xatirə bulağının açılış mərasimləri həyata keçirilir. Bu gün daha bir şəhidin – Etibar Aleksandr oğlu Mahmudovun adının əbədiləşməsi üçün yaşadığı binanın üzərində xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, Etibar Aleksandr oğlu Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində dünyaya göz açıb. 1994-ci ildə Mingəçevir şəhər 16 nömrəli məktəbin birinci sinfinə qəbul olub.  Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoyub işləməyə başlayıb. Ailə çoxuşaqlı (5) olduğuna görə bütün qayğıları öz üzərinə götürən Etibar əlindən gələn köməyi göstərib. 2006-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərib.

Anası Əsmayə xanım deyir ki, bu xatirə lövhəsi mənim üçün çox böyük önəm daşıyır: ”İndi həyətə düşəndə Etibarımın xatirə lövhəsini görəndə elə biləcəm ki, o, mənim yanımdadır. Bu mənə böyük təsəllidir”.

Xatirə lövhəsinin açılışında iştirak edən məktəbli şagirdlərin hər biri bir şəhidin adını daşıdıqlarını bildirdilər. Onlar şəhidlərimiz kimi mərd, qorxmaz, vətənpərvər igid olacaqlarına söz verdilər. Açılış mərasimində   Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib.

Qeyd edək ki,  Etibar Mahmudov Vətən müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak edib. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Etibar Mahmudov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir