Mingəçevirdə daha bir şəhidin doğum günü qeyd olunub

108

Mingəçevirdə  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb. Ənənənin davamı olaraq Məhyəddin Yaşar oğlu Məmmədovun  doğum günü Şəhidlər xiyabanında şəhidin məzarı başında qeyd edilib.
Anım tədbirində şəhidin ailə üzvləri, təşkilatçılar “Nur” dəstək üzvüləri, şəhidin  yaxınları, döyüş yoldaşları, dostları öncə Şəhidlər Xiyabanında Şəhidimizin  məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Anım mərasiminin iştirakçıları şəhidin  həyat yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər. Anım mərasimində iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyəti  Başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib.

Öz canını vətən uğrunda fəda edən igid oğullardan biri olan  kiçik çavuş, Məhyəddin Məmmədov 2020-ci il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızın   azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmas üçün başlanan Vətən müharibəsi  zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhyəddin Məmmədov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə  yetirdiyi üçün Məhyəddin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhidin adının əbədiləşməsi üçün yaşadığı binanın üzərinə xatirə lövhəsi də vurulub. Bu gün Azərbaycan xalqı qəhrəmanlıqları ilə Vətənin başını uca edən igid oğulları ilə fəxr edir, sonsuz qürur duyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir