Mingəçevirdə canavarlar fermaya yenə hücum çəkdi

Mingəçevirdə canavarlar fermaya hücum edib. Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 10-a yaxın iribuynuzluya zərər yetirib. Hadisə baş verən fermanın çobanının sözlərinə görə, acgöz canlılar bayırda 1 baş iribuynuzlunu parçaladıqdan sonra, tövləyə girərək danaları məhv etməyə cəhd ediblər. Bu zaman inəklər səs-küy saldığından çobanlar itlərin köməyi ilə canavarları qovmağa nail olublar.

 

Son günlər hər gecə fermaya gələn vəhşi canlılar heyvan sahiblərinin qorxulu kabusuna çevrilib. Çoban Raquf Məmmədov deyir ki, fermanın ətrafında qamışlıqda gizlənən yırtıcılar fürsət düşən kimi həm iri, həm də xırda buynuzlulara hücum edirlər: “Bir neçə ay öncə tövlənin üst hisəsini dağıdıb içəri girən canavarlar 50 baş qoyunu da tələf edib. Bundan başqa fermada saxlanan uzunqulaq və atlar da acgöz canlılara yem olublar. Biz ailəmizlə birlikdə bu fermada yaşayırıq. Uşaqlarımız axşam olanda həyətə çıxa bilmirlər”.

Təsərrüfat sahibi Ağasəlim Babayev qış vaxtı daha da fəallaşan canlıları məhv etmək mümkün olmadığından çarəsiz qaldıqlarını deyib.

Qeyd edək ki, hadisə Mingəçevirin ətrafında mal-qara təsərrüfatı ilə məşğul olan fermerlərin fermalarında baş verib.

Esmira Hidayətova, Mingəçevir