Mingəçevirdə belə “Nur”da varmış

 

Ulu öndər Heydər Əliyev əbəs yerə deməmişdir: ”Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir”. Mingəçevirin “Nur” dəstək qrupunda olan gənclər belə gənclərdir desək yanılmarıq. Qeyd edək ki, könüllü olaraq bu gənclər Vətən müharibəsi başlayan gündən arxa və ön cəbhədə fəallıq göstəriblər. Bu günlərdə qrupun könüllü fəalları ilə həmsöhbət olduq.

”Nur” dəstək qrupunun həmtəsisçilərindən biri  – Etiram Sadıqzadə bildirdi ki, təşkilatımızın məqsədi ehtiyac sahiblərinə, şəhid, qazi ailələrinə həm maddi, həm də mənəvi dəstək göstərməkdir: “Vətən müharibəsi günlərində cəbhə bölgəsində daha çox olduq. Bu prosesdə bizə sahibkarlar,müəyyən qumların əməkdaşları, vətənsevən insanlar öz köməyini əsgirgəmədilər.”

20 könüllü ilə fəaliyyətə başladıqlarını vurğulayan müsahibimiz hazırda  ”Nur” dəstək qrupunun 50-dən artıq daimi könüllüsünün olduğunu söylədi: “Vətən müharibəsi başa çatandan sonra isə şəhid ailələrini, qaziləri ziyarət edirik, onlara mənəvi cəhətdən dəstək oluruq. Onu da deyim ki, ”Nur” dəstək qrupunun fəaliyyəti yalnız Mingəçevirlə məhdudlaşmır. Belə ki, 34 rayon və şəhərdəki bir neçə şəhid ailəsinə və qaziyə də baş çəkmişik. Maliyyə cəhətdən sıxıntılarımız olsa da, hazırda müxtəlif layihələr üzərində işləyirik. Həmin layihələrdən birinə artıq start verilib. Belə ki, Birinci və İkinci Qarabağ savaşlarında şəhid olanlarla bağlı  kitablar hazırlayırıq.”

Həmtəsisçilərdən biri – Türkan Əkbərova isə bizimlə söhbətində bu sözləri dedi: ”28 sentyabr 2020-ci ildə fəaliyyətə başladıq. Könüllülərimiz yalnız ön cəbhədə olmadılar. Onlar cəbhəyə gedən əsgərlərimizin ailələrini ziyarət etdilər, xəstəxanalarda olan yaralılara baş çəkdilər. Təbii ki, bu prosesdə müəyyən çətinliklərimiz də oldu. Amma sevə-sevə başladığımız bu işdən əsla soyumadıq. Yeri gəlmişkən onu da qeyd edim ki, bu işdə bizə  “5+” supermarketin rəhbəri Mais müəllim əl tutub.

“Nur”un komandasının daha bir üzvü – İqtisad Universitetinin tələbəsi Türkan Əlizadə isə bildirdi ki, gələcəkdə daun sindromlu, eləcə də xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara da yardımçı olacaqlar:  “Ətraf mühitin qorunması da diqqət mərkəzimizdədir”.  “Nur”  üzvü –  MDU tələbəsi Anarə Cavadlı daha bir məqamdan söz açdı. Bildirdi ki, Birinci və İkinci Qarabağ savaşlarında şəhid olanların övladları,  həmçinin qazi və az təminatlı ailələrinin uşaqları üçün ödənişsiz kurs da açmışıq. Bu fəaliyyətə daha əvvəl bir qrup tələbə olaraq başlamışdıq sonradan həm maddi həm dəstək baxımından müəyyən sıxıntılar yaşadıq. Mingəçevirdə “Nur” dəstək qrupunun olduğunu biləndən sonra onlarla birləşdik və hazırda “Nur” fəaliyyət istiqamətlərindən biri kimi fəaliyyət göstəririk.

Qeyd edək ki, “Nur” Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən “Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında xidmət edən əsgərlərimizə göstərdikləri maddi və mənəvi dəstəyə görə” nominasiyası üzrə “Fəxri diplom”la təltif olunub. Diplom İB-nin Beyləqan şöbəsinin sədri İlham Fətiyev tərəfindən görüş zamanı “Nur”un həmtəsisçisi E.Sadıqzadəyə təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir