Mingəçevirdə Aprel şəhidlərinin xatirəsi anılıb

475

Aprel qələbəsindən 3 il keçdi. Şübhəsiz, bu qələbənin qazanılmasını Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun şəxsi heyətinə borcluyuq. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə – şəhid adına yüksələnlər xalqımızın and yerinə çevriliblər. Onların əziz adları dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, icra nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsi, KİV nümayəndələri Aprel şəhidi Qasımov Teymur Sabir oğlunun ildönümü mərasimidə iştirak edib, şəhidin ailəsini ziyarət ediblər. İcra başçısı ilə görüşən şəhidin atası Sabir Qasımov şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öncə Prezident İlham Əliyevə minnətdarlıq bildirib.

2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı şəhid olan Adilzadə Adil Kamran oğlunun da xatirəsi yad edilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə  Çağrış üzrə Dövlət Xidməti Mingəçevir bölməsi, ictimayyət nümayəndələri, şəhidin dostları, Mingəçevir Gənclər evinin könüllüləri şəhid ailəsini evində  ziyarət ediblər. Anım məraismində şəhidin ruhuna dualar oxunub, yaxınlarına Allahdan səbr dilənib. Başçı İlham İsmayılov şəhidin atası ilə söhbət edərkən onların problemləri ilə maraqlanıb. Söhbət zamanı bir sıra məsələlərə də aydınlıq gətirilib.

Xatırladaq ki, Adil Adilzadə təkbaşına 17 erməni əsgərini məhv edib.O, qolundan güllə yarası almasına baxmayaraq, döyüşü davam etdirib. Bu onun son döyüşü olub. Aprelin 11-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 1993-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu, çavuş Adilzadə Adil Kamran oğlu Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib. Qeyd edək ki, Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III  dərəcəli medalı ilə təltif edilib. 

Esmira Hidayətova, Mingəçevir