Mingəçevirdə… abadlaşmayan məhəllə qalmayacaq

Mingəçevirdə “Nümunəvi məhəllə və istirahət guşələri” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir. Məqsəd şəhər ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, evləri, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, şəhəri abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu təmin etməkdir.

Bu sözləri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Az.Dres qəsəbəsi Naxçıvan küçəsində yaradılan istirahət güşəsinə baxış keçirərkən deyib. Bildirib ki, Naxçıvan küçəsində 2800 kv.m boş ərazidə sakinlərin istirahəti üçün nümunəvi park salınıb. Parkda 54 sərv ağacı, 82 xan çinar, uşaqlar üçün əyləncə qurğuları, 2 söhbətgah, idman qurğuları düzəldilib. Parka işıqlanma  və suvarma sistemi də quraşdırılıb. 2020-ci il ərzində  qəsəbədə artıq 8 nümunəvi məhəllə və parklar sakinlərin istifadəsinə verilib.

 

Başçı sakinlərə, həmçinin xatırladıb ki, ötən il sizinlə görüşəndə bu boş ərazini park kimi görmək istədiyinizi bildirmişdiniz: ”Qəsəbə sakinləri həmişə deyirdi ki, Mingəçevir təkcə şəhərdən ibarət deyil. Biz çalışırıq ki, şəhərin hər yerində və hətta ən ucqar məkanlarda belə abadlıq işləri aparaq. Bizim işlərimiz bununla yekunlaşmır: Mingəçevirdə asfaltlanmayan küçə, abadlaşmayan məhəllə qalmayacaq. İşlərimiz bundan sonra da Mingəçevirin bütün ərazilərində mərhələli şəkildə davam etdiriləcək”.

Daha sonra icra başçısı Tərəvəzçilik sövxozunun avtomobil yolunda yaradılan səliqə-səhmana da baxış keçirib. Burada yola asfalt örtüyü çəkilib, uzun illər səkisi və işıqlanması olmayan yola səki, işıqlanma sistemi çəkilib, ətraflarına ağaclar əkilib.

Esmira Hidayətova, Mingəçevir