Mingəçevirdə 21 işgüzar qadın üçün təlim keçirilib

640

Sentyabrın 28-29-da Mingəçevir Media Mərkəzində işgüzar qadınlar üçün “Regionlarda qadınların iqtisadi səlahiyyətləndirilməsinin təşviqi və ictimai vəkillik” mövzusunda ikigünlük təlim keçirilib. Təlimə Mingəçevir, Gəncə, Şəki, Oğuz və Yevlax rayonlarının özəl və icimai sektorunu təmsil edən 21 lider xanım qatılıb.

İştirakçıları və təlimçiləri salamlayan “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev təlimin Avropa Birliyinin dəstəyi və BMT İnkişaf Proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqram çərçivəsində təşkil edildiyini vurğulayıb. “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT İP-nin baş məsləhətçisi, Demokratik Monitor təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə məlumat verib. BMT İP-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev təlimin məqsədi və gözləntilər barədə danışıb.

Təlimin birinci günü qadın sahibkarlığına həsr olunub. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev biznes prosesinin mərhələləri, qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə, kommunikasiya və informasiya texnologiyalarından səmərəli istifadə məsələlərini iştirakçıların diqqətinə yönəldib.

Təlimin ikinci günü Mülki Cəmiyyətə Doğru Mərkəzinin rəhbəri Abil Bayramov əsasən qadınların milli və yerli səviyyələrdə qərar qəbulu prosesində iştirakı və iştirakçılığın artırılması imkanları, ictimai vəkillik və lobbiçilik, effektiv vəkillik stategiyaları barədə fikirlərini söyləyib.

 

Təlim boyu müxtəlif qrup işləri aparılıb, uğurlu təcrübələr bölüşülüb, ənənvəi problemlərin çıxış yolu müzakirə edilib. İştirakçılar təlimlə bağlı fikirlərini bölüşüblər. Gəncə təmsilçisi Firuzə Rzayeva sahibkarlıqda uğur qazanmaq üçün planlaşdırmanın, biznes planların düzgün qurulmasının vacib olduğunu və bu barədə geniş bilgi əldə etdiyini qeyd edib. Gəncənin digər iştirakçısı Aynur Rzayeva biznes qurulmasının hüquqi tərəfi ilə bağlı məlumatların onun üçün maraqlı olduğunu bildirib. Oğuzlu Səfurə Salamova sahibkarlıqda ideyaların reallaşdırlması yollarını, mingəçevirli Dilşad İlyasova biznes planların düzgün və ətraflı qurulması yollarını öyrəndiyini vurğulayıblar. 3-4 ildir ki, maliyyə çatışmazlığı ucbatından sahibkar olmaq arzusunı reallaşdıra bilməyən mingəçevirli Ülviyyə Kərimova təlimdə biznesə maliyyə dəstəyi verən dövlət qurumları barədə ətraflı məlumat aldığını və arzusunu reallaşdırmaqda qətiyyətli olduğunu açıqlayıb. Gender bərabərliyini daha çox kişi və qadın sayının bərabərliyi kimi başa düşən Yevlax rayon sakini Soniya Ridvanova isə deyib ki, təlimdən sonra bu bərabərliyin daha geniş məna kəsb etdiyini, burda sosial bərabərlikdən, sosial bölgüdən söhbət getdiyini öyrəndiyinə görə məmnundur. Şəkili Vüsalə Bayramova isə sahibkarlıq fəaliyyətinə başlamaq üçün qadınların ilk növbədə nələrə diqqət yetirməli olduğu barədə bilgilər əldə edib.

Esmira Hidayətova, Mingəçevir