Mingəçevirdə 135-ci kvartalın abadlaşdırılmasına start verildi

75

 

Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən biri də şəhərin 135-ci kvartalının abadlaşdırmasıdır. Xətai  küçəsi daxil olmaqla 135-ci kvartalın ərazisində  avtomobil və piyada yollarının təmiri, yenidən qurulması, səkilərin müasir formada plitələrlə döşənməsi, səkilərdə işıq dirəklərinin qaydaya salınması üçün öz ömrünü çoxdan başa vurmuş kabellərin yenilənməsi, bu istiqamətdə yaşıllıqların səliqə-sahmana salınması, yeni gül-çiçək kollarının əkilməsi, ağacların budanması, küçə boyunca yaşayış binalarının fasadlarının təmir edilməsi və s. kimi məsələlər yeni layihəyə daxil edilib. Eyni zamanda buna müvafiq olaraq şəhərin Qələbə meydanında yeni fəvvarə sakinlərin ixtiyarına verilib.

Oktyabrın 12-də  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, yeni layihəyə uyğun olaraq işləri həyata keçirəcək idarə, müəssisə və təşkilatların rəhbərləri və binanın sakinləri ilə iş  gedən ərazidə görüşüb. İcra başçısı  görüş iştirakçılarını salamlayıb, onlara yeni layihənin məqsəd və məramlarını açıqlayıb. Qeyd edib ki, bu layihə şəhərimiz üçün çox önəmli layihələrdən biridir: “Uzun illərdir ki, bu istiqamətdə abadlıq-quruculuq işləri həyata keçirilmir. Hətta elə küçələrimiz var ki, onlar tamamilə diqqətdən kənarda qalmışdır. Məqsədimiz bu ərazilərdə başdan-başa yenidənqurma işləri aparmaqdır. Buna görə şəhər İcra Hakimiyyətinin əsaslı-tikinti, təmir və abadlaşdırma şöbəsinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlara müvafiq olaraq işlərin kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Yəni, burada su-kanal, qaz və işıqlandırma, kommunal, yaşıllaşdırma və sanitar-təmizlik, istilik, rabitə və yüksək texnologiyalar sahələrinə aid olan işlər yerindəcə öz həllini tapacaqdır”. İcra başçısı görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə yerindəcə bir daha konkret tapşırıqlarını verib.

Həmin binada yaşayan sakinlər uzun illərdən bəri yığılıb qalmış problemlərini dilə gətiriblər.   İlham İsmayılov bildirib ki, bütün  bunlar ölkə rəhbəri cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. İstəyirik ki, mingəçevirilər məmnunluq hissi ilə şəhərimizin abad və gözəl guşələrində istirahət etsinlər.

Sonda İlham İsmayılov Qələbə meydanında yenidən qurulmuş fəvarəyə baxış keçirib.

Esmira Hidayətova, Mingəçevir