Mingəçevirdə əsrin bəlasına qarşı mübarizə davam etdirilir

99

 

Daxili  İşlər Nazirliyinin təşəbbüsü ilə Mingəçevir şəhərində  narkomaniyaya və digər zərərli vərdişlərə  qarşı maarifləndirmə tədbirləri şəhərin bütün ümumtəhsil müəssisələrində həyata keçirilir. Növbəti maarifləndirmə tədbiri şəhərin 7 saylı tam orta məktəbində keçirilib.

Tədbirdə Mingəçevir  Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhər polis şöbəsinin  əməkdaşları və məktəbin yuxarı sinif şagirdləri, müəllimlər iştirak ediblər. Polis əməkdaşlarını məktəbin direktoru Anar İsmayılov qarşılayıb və məktəb haqqında ümumi məlumat verib.

Tədbirdə çıxış edən polis polkovniki Ə.Əliyev  bildirib ki, gəncləri narkomaniya bəlası ilə bağlı məlumatlandırılması zəruridir: ”Son zamanlar narkotik vasitələrin sosial şəbəkələrdə təbliği və satışı hallarına tez-tez rast gəlirik. Narkotik vasitələr reklam edilir və sosial şəbəkələr üzərindən satılır. Sosial şəbəkələrdəki narkotacirlərin tələsinə, daha çox yeniyetmələr və gənclər düşürlər. Həyatına “məna” qatmağa çalışan 14-18 yaşlı gənclər, bu mənanı çox zaman narkotik vasitələrdə görür. Bu yaşdakı uşaqlar üçün isə, narkotacirlərin cənginə düşmək o qədər də çətin olmur. Özünü yeni tanımağa başlayan yeniyetmə, bir neçə dəfə narkotik vasitəsini daddıqdan sonra asılılıq yaranır və bir daha bu asılılıqdan qurtula bilmir. Valideynlər isə, uşaqlarının vəziyyətindən xəbər tutduqları zaman gec olur. Ona görə də bu istiqamətdə mütəmadi  maarifləndirici tədbirlər həyata keçiririk”.

Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı slaydlar vasitəsi ilə narkotik vasitələrin  təhlükələrini ətraflı izah edib. Polis əməkdaşları  “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”,  “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və “Yol hərəkəti qaydalarına əməl edək” adlı mövzularla bağlı maarifləndirici çıxışlar  ediblər.

Tədbirin sonunda  mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb. Hətta bir şagird sosial şəbəkələr vasitəsi ilə ona narkotikin istifadəsi təklif olunduğunu dilə bildirib.

Esmira Hidayətova