Mingəçevirdə Əhməd Cavadın 130 illiyi  ilə bağlı tədbir keçirilib

92

Mingəçevir H.Əliyev mərkəzində   “Üçüncü Bahar” İctimai Birliyi  Mingəçevir “Yaşa” mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi  ilə bağlı tədbiri keçirilib.

Tədbir iştirakçıları öncə böyük şairin sözlərinə bəstələnmiş Azərbaycan Himnini oxuyublar. Sonra əvvəllər müəllim kimi, sonralar isə şəhər İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışmış Rizvan Mikayıllı şairin həyat və fəaliyyətindən, ailəsindən, sevimli həyat yoldaşından, rastlaşdığı haqsızlıqlardan danışıb. Tədbir çərçivəsində Əhməd Cavad haqqında hazırlanan videoçarx nümayiş olunub, şairin şeirlərindən parçalar oxunub.

Tədbirdə iştirak edən rəssam Əziz Əliyev az bir zaman ərzində ərsəyə gətirdiyi   Əhməd Cavadın portreti maraqla qarşılanıb. Ölkə Prezidenti İlham Əiliyevin müvafiq sərəncamı ilə böyük şairin yubileyinin dövlət səviyyəsində qeyd olunacağı təqdir olunub. İştirakçılar dəyirmi masa arxasında ölkəmizin iqtisadi qüdrətinin artmasından, Vətən müharibəsindəki Böyük qələbədən, tanınmış şair və ədiblərimizin yaratdıqları əsərlərin bundan sonrakı nəsil üçün böyük məktəb olmasından da söz açdılar.

Esmira Hidayətova, Mingəçevir