Mingəçevirdə Əfqanıstan müharibəsi veteranlarına medallar təqdim olundu

708

Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir filialında Əfqanıstan Demokratik Respublikasının 2-ci dərəcəli “Qırmızı ulduz” və “40-cı ordu“ medallarının  təqdimetmə mərasimi keçirilib. Tədbirdə Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir filialının sədri Elşən İbrahimli bildirib ki, Rusiyanın Əfqanıstan Müharibəsi veteranları ilə Mingəçevirin Əfqanıstan Müharibəsi veteranları ilə əlaqələr yaradılıb: “Onlar mütəmadi olaraq mingəçevirli fəal Əfqanıstan Müharibəsi veteranlarını mükafatlandırırlar. Bu gün Rusiya Əfqanıstan Veteranlar İctimai Birliyi Qədirov Qismət Niyazi oğluna və Səfərov Sübhan Adil oğluna medallar göndəriblər”.

 

O həmçinin qeyd edib ki, SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi ilə başlanan on illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub, 450 nəfəri əlil olub: Əfqanıstan Müharibəsi Veteranlarının 70 faizi Qarabağda gedən döyüşlərdə fəal iştirak ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb”. Onun sözlərini görə,  Mingəçevirin 8 nəfər Əfqanıstan Müharibəsi veteranı döyüşlərində şəhid olub: “Mingəçevirdə hazırda 110 əfqanıstan veteranı var. Onlardan 6-sı əlildir”.

Daha sonra tədbir iştirakçıları  veteranlara olan qayğıdan söz açıblar. Məlumat verilib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə iki əfqan veteranının – Elşən İbrahimli və Qismət Qədirovun həyat yolundan bəhs edən qısametrajlı film çəkilib.

 

Tədbirin sonunda medalları sahiblərinə  N saylı hərbi hissənin əsgərləri və şəhər təhsil şöbəsinin nümayəndəsi  təqdim ediblər.

Esmira Hidayətova, Mingəçevir.