Tədris ilini uğurlu nəticələrlə başa vuran Mingəçevir Turizm Kollecinin kolllektivi tədris ilinin yorğunluğunu ölkənin dilbər guşlərinin birində keçirdiyi mənalı istirahətlə çıxarıb. Goranboy rayonunun Ağcakənd qəsəbəsi yaxınlığında yerləşən “Gülüstan” istirahət məkanına eksurkursiya səfəri təşkil edən təhsil müəssisəsi gün ərzində unudulmaz anlar yaşayııb və xoş təəssüratlar alıb. Kollec Həmkarlar İttifaqı təşkilatının yaxından dəstəyi ilə istirahət səfərinə üz tutan kollektiv üzvləri Goranboyun göz oxşayan yaşıl dağlarının, çay və bulaqlarının əhatəsində dincələrək mənalı istirahət edib. Öncə gəzinti iştirakçıları bölgənin tarixi özəllikləri, turizm potensialı və digər üstünlükləri ilə yaxından tanış olublar. Bu işdə bölgənin turizm potensialına yaxından bələd olan turizm müəllimləri xüsusi fəallıq nümayiş etdirib. Bir diqqət çəkən məqam da o olub ki, ekskursiyanın gedişində kollektiv kollecin bu gün artıq həmin turizm bölgəsinin qabaqcıl strukturlarında çalışan keçmiş məzunları ilə də görüşüb, ünsiyyət qurmaq fürsəti əldə edib. Bu görüş hər kəsə qürurverici duyğular yaşadıb.
Dağlar qoynunda keçən bir günlük istirahət daha sonra ləziz təamlarla bəzədilmiş süfrə arxasında davam etdirilib. Burada istirahət edənləri həzin mahnı və rəqslər ifa edən musiqiçilər müşayət edib. Hər kəs rəqs edib, arzu və istəklərini paylaşıb. Pedaqoqların ifasında azərbaycan, ingilis və fransız dillərində səslənən şerlər, musiqi parçaları və səhnəciklər ekskursiya iştirakçılarının ovaqtına müsbət çalar qatıb.

Qeyd edək ki, oxşar şənlik istirahət zonasının müxtəlif istiqamətlərində təşkil olunub. Müxtəliflik və rəngarənglik gəzintini unudulmaz edib.

Rəhbərlik etdiyi kollektivin sevincinə ürək sözləri ilə dəstək verən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov onların bundan da artıq diqqətə və qayğıya layiq olduğunu bildirib: “Biz bir işgüzar kollektiv olaraq hələ daha böyük hədəflərə yetişmək iqtidarındayıq. Ümid edirəm ki, belə bir dilbər guşədə kollektiv üzvlərinin böyük bir heyətlə mənalı istirahət etməsi kollecimizin ümumi işgüzarlıq potensialını daha da artıracaq. Digər tərəfdən, bölgədə turizm sahəsi ilə növbəti dəfə yaxın təmas burada xidmət sahəsində diqqət çəkən üstünlükləri və boşluqları müəyyən etməyə imkan verir. Biz də öz növbəmizdə növbəti tədris ilində kadr hazırlığı prosesində məhz bu məsələlərə daha çox diqqət ayıracağıq. Çünki turizm yönlü kadr hazırlığı missiyasını yerinə yetirən müəsissəmiz Azərbaycan turizminin inkişafına yetişdirdiyi peşəkar kadrların əməyi ilə töfhə verməyə borcludur”.
Ekskursiya ərzində həm də çoxsayda xatirə şəkilləri çəkdirilib.
Esmira Hidayətova , Mingəçevir