Mingəçevir Turizm Kollecində Qara Qarayev anılıb

550

Yenicə qədəm qoyduğumuz 2018-ci ildə bir sıra əlamətdar yubileylərin şahidi olacağıq. Bu cəhətdən bu il həm də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə yaddaşlarda qalacaq. Mingəçevir Turizm Kollecində görkəmli bəstəkarımızın yubileyi münasibəti ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kollecin struktur bölmələri və tələbə-gənclər təşkilatı yubileyə həsr olunmuş rəngarəng tədbirlər keçirməyi planlaşdırır. Bu tədbirlər sırasına kollecin kitabxanasında baş tutmuş oxucu konfransı ilə start verilib.

 

“Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin  və  dövlətçiliyimizin tərəqqisində mövqeyi” adlı konfrans ədəbiyyat müəllimləri Əşrəf Əsgərov və Kifayət Əliyevanın təşəbbüsü ilə təşkil edilib. Tədbirdə pedaqoqlarla yanaşı əyani və qiyabi şöbələrin tələbələri də iştirak  ediblər. Xüsusilə bədii özfəaliyyət qrupunuun üzvləri olan yaradıcı gənclər öz fəallığı və mövzuya marağı ilə seçiliblər. Oxucu konfransı fəal fikir mübadiləsi şəraitində keçirilib. İştirakçılara Qara Qarayevin Azərbaycan musiqi sənətinin incisinə çevirilmiş əsərləri haqqında ətraflı məlumatlar verilib.

Çıxışlar mövzu ətrafında maraqlı müzakirələrə yol açıb. Tədbirdə həmçinin bəstəkarın yaradıcılığına həsr olunmuş kitablar və məqalələrdən söhbət açılıb. Dolğun çıxışları, fəal müzakirələri dinləyən iştirakçılar oxucu konfransından dərin təəssüratlarla ayrılıblar.

Esmira Hidayətova, Mingəçevir.