Son həftələr ərzində milli tarixi təqvimlərə həsr olunmuş çoxsaylı tədbirlərə ev sahibliyi edən Mingəçevir Turizm Kollecinin kollektivi Milli Dirçəliş Gününü də oxşar bayram coşqusu ilə qeyd edib. Bayram günü ərəfəsində rəsm, inşa müsabiqəsi və dəyrimi masa ətrafı müzakirələrdə bir araya gələn pedaqoq və tələbələr vətənpərvər duyğularını və istedadını nümayiş etdirib. Nəhayət tədbirlər silsiləsi “Müstəqilliyimiz ən böyük sərvətimizdir” adlı elmi-nəzəri konfransla başa çatıb. Konfrans öncəsi bayram tədbiri iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgini ziyarət edib. Sərgidə nümayiş olunan və müxtəlif janrları əhatə edən məzmunlu əsərlər ziyarətçilərin qəlbində zəngin təəssürat oyadıb. Bundan sonra konfransda maraqlı müzakirələr başlayıb.
Konfransda çıxış edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov iştirkçıları Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Ardınca Əyyub Əyyubov bu əlamətdar təqvimi şərtləndirən siyasi səbəblər barədə ətraflı söhbət açaraq milli azadlıq eşqi ilə küçələrə axışan xalqın mübarizəsini qəhrəmanlıq səlnaməsi adlandırıb:
“Bir tərəfdə torpaqlarına göz dikən düşmən, digər tərəfdə keçmiş ittifaq dövlətinin güclü siyasi hərb maşını. Belə bir işğala, təqibə və hədələrə qarşı yumruq kimi birləşən Azərbaycan xalqının iradəsi dünya nı lərzəyə gətirdi. Meydanlara axın edən insanlar və orada səsləndirilən şüarlar əslində bir məqsədə xidmət edirdi. Bu, xalqın istiqlaliyyət savaşının başlanğıcı idi. Təsadüfi deyil ki, insanları əhatə edən zirehli hərbi maşınlar və əli silahlı əsgərlərin meydanı qorxu ilə boşaltmaq istəyi nəticəsiz qalmışdı. Çünki sözün əsl mənasında ölümü göz önünə alaraq haqqını və azadlığını tələb dən qüdrətli bir xalq dayanmışdı onların önündə. Əslində tarixə Milli Dirçəliş Günü kimi düşən həmin unudulmaz anlar sovetlər ittifaqının süqutunun başlanğıcı oldu. Sonralar mübarizə yeni görkəm aldı. 20 yanvar faciəsini yaşadıq, şəhidlər verdik, nəhayət son nəticədə Azərbaycan dövlət müstəqilliyinə qovuşdu. 1993-cü ildən etibarən isə xaotik xarakter daşıyan dövlətçilik institutlarında güclü nizam quruldu. Çünki artıq xalqın önündə ümummilli lider Heydər Əliyev dayanırdı. Onun zəkası,iradəsi və dövlətçilik təcrübəsi Azərbaycanın xaosdan yeni inkişaf mərhələsinə keçid etməsinə təkan verdi. Sonra bu siyasətin və dövlətin sükanı prezident cənab İlham Əliyevə etibar edildi. Məhz onun mükəmməl idarəçiliyi sayəsində Azərbaycan tədricən dünyanın ən qabaqcıl məmləkətlərindən birinə çevrildi. Artıq Azərbaycanın nüfuzu, gücü və perspektivləri hər kəsi dövlətimizlə dostluq və əməkdaşlıq etməyə sövq edir. Bu, qürurvericidir.”
Çıxışını başa vuran ünlü elm adamı Azərbaycan tarixində xüsusi yeri olan Milli Dirçəliş Günü şərəfinə Dövlət Himnini canlı ifa etməyi təklif edib.
Daha sonra Milli Dirçəliş Gününə həsr olunmuş videçarxa baxış keçirilib. Ardınca konfransın digər məruzəçiləri dinlənilib.Pedaqoqlar İradə Cəfərova, İlqar Məhərrəmov və tələbə Nərgiz Abbasova müvafiq olaraq “Azərbaycan milli azadlıq hərəkatı”, “17 noyabr –Milli Dirçəliş Günü xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindəndir” və “17 noyabr bizim milli oyanışımızın ilk təzahürüdür” mövzularında məzmunlu çıxış edib. Çıxışlarda milli azadlıq hərəkatı, onu doğuran səbəblər və hərəkatın məntiqi yekunları barədə ətraflı söhbət açılıb.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Esmira Hidayətova, Mingəçevir