Mingəçevir Turizm Kollecində istehlakçı hüquqlarından danışılıb

0
411

Mingəçevir Turizm Kollecində istehlakçı hüquqları mövzusunda seminar- treninq keçirilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidmətinin təşəbbüsü ilə baş tutan tədbir kollecin pedaqoq vətələbələrinin yüksək fəallığı şəraitində davam edib.

Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  müzakirə olunacaq mövzunun aktuallığı barədə məlumat verib: “Hüquqların dərindən öyrənilməsi insanların  hüquqi müdafiəsini daha da gücləndirən amildir. Xüsusi ilə də istehlakçı hüquqları gündəlik olaraq hər kəsin rastlaşdığı məsələlərlə bağlı olduğu üçün istehlakçı hüquqları barədə marifləndirmə tədbirləri xüsusi önəm daşıyır”.

Daha sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidmətinin  rəis müavini  Araz Əliyev  “İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, vətəndaşların keyfiyyətli istehlak məhsulları ilə təmin edilməsi dövlətin başlıca tələblərindən və qarşıya qoyulmuş vəzifələrdən biridir. Gündəlik olaraq insanlar  bu və ya digər şəkildə  çıxılmaz durumlara düşə bilər. Bu səbəbdən də istehlakçılar  ilk növbədə istehlakçı hüquqlarını  dərindən mənimsəməlidir. İstehsalçı, məhsulun istifadə  müddəti, keyfiyyət və zəmanət göstəriciləri, eləcə də digər zəruri tələblərin sual doğurduğu hallarda necə davranmalı, hansı hüquqi ünvanlara üz tutmalı olduğlarını  vətəndaşlar məhz bu hüquqlar vasitəsilə müəyyən edə bilər.

Araz Əliyev geni dəyişdirilmiş məhsullar, qeyri-ənənəvi üsullarla yetişdirilmiş heyvan və bitki növlərindən hazırlanmış məhsullar,bu məhsulların orqanizmdə yaratdığı fəsadlar haqqında ətraflı söhbət açıb.

“Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda çıxış edən  sektor müdiri  Yusif Hüseynov bu sahədə zəruri  hesab edilən məsələlərdən danışaraq, konkret örnəklər üzərində  tövsiyələrini  çatdırıb.

Seminar ərzində həmçinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidməti tərəfindən  istehlakçı hüquqlarının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyət barədə geniş məlumatlar verilib. Qeyd olunub ki, indiyədək   ümumən 20-dən artıq konfrans və seminar-treninqlər keçirilib. 18 adda  bukletlər və 6 müxtəlif məzmunlu kitab nəşr olunaraq  bölgələrdə istehlakçılara paylanılıb. Təkcə nəşr olunmuş büklet sayı 5 min nüsxədən artıqdır. Daha sonra seminar iştirakçılarına müxtəlif adlı buklet və digər nəzəri materiallar təqdim olunub.

Qeyd etmək lazımdır ki, seminar-treninq maraqlı dialoq və fəal müzakirələr şəraitində davam edib.

Konfransa yekun vuran professor Əyyub Əyyubov bu tip önəmli müzakirələrin bundan sonra da davamlı xarakter daşıyacağına əmin olduğunu vurğulayıb. Eyni zamanda belə bir əhəmiyyətli maarifləndirmə tədbirinin Mingəçevir Turizm Kollecində keçirilməsinə təşəbbüs göstərdiyi üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidməti əməkdaşlarına və rəhbərliyinə dərin təşəkkürlərini çatdırıb.

Esmira Hidayətova, Mingəçevir