Mingəçevir teatrında “Uşaqlıq” və ya biabırçı uğur

598

 

 

 

 (Tamaşa haqqında düşünərkən)

 

          Deyirlər, teatr-tamaşa həyatın güzgüsüdür. Hər kəs bu güzgüdə özünü görür. Bəs doğrudanmı belədir? Həqiqətənmi teatr-tamaşa həyat güzgüsüdür? Bəs görəsən bu güzügüdə fərdi insanlardan başqa elə teatr camiəsindən olan şəxslər necə özlərini bu səhnədə görə bilirlərmi? Yəqin ki, çoxları görmür. Mən əminəm ki, görmürlər. Çünki görmüş olsaydılar bu gün professional dövlət statuslu bir sənət ocağında gözə kül üfürməklə, səhnəni oyuncağa çevirməzdilər. Elə yarım əsrdən artıq yaradıcılıq yolu keçən Mingəçevir Dövlət Dram Teatrında olduğu kimi.

Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Ülviyyə Heydərovanın qələmə aldığı “Uşaqlıq” monopyesinin tamaşasına baxdım. İlk öncə deyim ki, monopyesin quruluşçu rejissoru kimi səhnə performansı göstərmək istəyən şəxs olan İlqar Rəhimov heç bir ixtisasa malik deyil. O, sadəcə olaraq teatrda fəaliyyət göstərən “İkinci nəfəs” teatr studiyasının yetirməsi olaraq səhnəyə gəlib və bu günə kimi isə bu teatrın səhnəsində elə də orjinal, bitkin obrazlar yarada bilməyib. Yəni aktyor olaraq özünün istedad və bacarığını təsdiqləyə bilməyən bir şəxsin bu gün səhnədə quruluşçu rejissor olaraq özünü göstərmək istəməsi isə sadacə olaraq absurddan başqa bir şey demək deyildir. Həm də qeyd edim ki, 01-05 noyabr 2021-ci il tarixlərində Azərbaycan  Respublikası Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə reallaşan xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə keçirmiş olduğu “4.4 Qısa Tamaşalar Festivalı”nda da müəllif Ülviyyə Heydərova və quruluşçu rejissoru olan İlqar Rəhimovun “Bazar günü” adlı 15 dəqiqəlik monotamaşasının da fiaskoya uğraması ilə nəticələnən təqdimatından sonra yenidən teatrın rəhbərliyinin və Bədii şurasının eyni simalara müraciət edərək onlar üçün böyük səhnəni həvalə etməsi sadəcə olaraq gülüncdür.

Bəs əslində mono tamaşa nədir? Monotamaşa və ya bir aktyorun teatrı – pyesin bütün gedişatı ərzində səhnədə təkcə və yalnız bir aktyorun mövcud olduğu vaqeəyə deyilir. Belə bir tamaşanı yalnız görüb-götürmüş, fərdi ustalıq keyfiyyəti eləcə də xüsusiyyətlərinə, müəyyən yaradıcılıq təşəbbüsü həmçinin cəsarətinə, özəlliklə  də  bu gün tamaşaçıya nəyi və necə söyləmək lazım olduğunu deyərək göstərə bilən zəngin təcrübəyə malik aktyor və ya aktrisa ifa edə bilər. Hətta ən yüksək səhnə təcrübəsinə malik olan teatrallar belə, təcrübəsi az olan gənc aktyorların öz  yaradıcılıq  fəaliyyətlərini  və səhnədə ilk addımlarını  monotamaşa ilə başlamaları və bu işin öhdəsindən gələ bələcəyi faktlarını çətin ki, xatırlayalar…

Beləliklə heç də asan olmayan belə bir  addımı hər aktyor və ya aktrisa öz üzərinə  götürmür. Belə bir addımı atmanın arxasında böyük məsuliyyət hissi durur, çünki bütün tamaşa boyu aktyor özündən başqa bir kimsəyə bel bağlamaq, güvənmək mövqeyindən büsbütün  məhrum durumdadır. Lakin yaşamın özü – eləcə monotamaşa deməkdir!..

Bu arada qeyd edim ki, “Uşaqlıq” monotamaşasında yenə də teatrın “İkinci nəfəs” teatr studiyasının yetirməsi olan aktrisa Nargilə Abdullayevanın ifası, özünü səhnədə bir aktrisa olaraq potensial güc və bacarıq imkanlarının nümayiş olunması təcrübəsindən çox uzaq idi.  Belə olmasa idi yəqin ki, 35 dəqiqə davam edən “Uşaqlıq”ın uşaqlıq arzularına ən azından inanmış olardıq. Və ən azında həyatda olduğu kimi eynilə səhnədə də baş verən müəyyən situasiyanı qəhrəmanın yerinə, qəhrəmanın yerində olmaqla həm yaratmalı, həm yaşatmalı, həm də yaşamalı olduğumuzu görmüş olardıq. Təəssüf ki, monotamaşa boyu bu sadaladığım faktlar ən azından bir hiss olaraq belə bizi təsirləndirə bilmədi.

Tamaşa boyu səhnədə cərəyan edən hadisələri seyr etdikcə düşünürdüm. Məsuliyyət hissini dərk edib, təkbaşına bu tamaşanı birnəfəsə oynamaq  nə dərəcədə mümkündür?.. Axı ifaçı monotamaşada öz şəxsi həyəcanlarını, duyğularını və emosiyalarını bir araya gətirərək, məxfi, gizlin, məhrəm, ağrılı-acılı müxtəlif mətləblərdən söhbət açır. Şübhəsiz ki, bu dərkedilmiş addım çətin və mürəkkəbdir, amma son dərəcə də maraqlı və orijinaldır. Təəssüf ki, aktrisa Nargilə Abdullayeva bütün bu kimi sadalanan faktları səhnədən ifası ilə tamaşaçıya ötürə bilmədi. Aktirasa nə qədər çalışsa belə ifası yenə də sönük və çox zaman isə sözlərin ifadəsi, tələfüzü belə zala yetərincə çatmırdı. Demək ki, hələ onun səhnə danışıqlarında da ciddi problemləri vardı.

Həmçinin deməliyəm ki, monotamaşalarda əsasən sevgi, yaşam, həyat, ölüm, Allaha etiqad, inamsızlıq, xəyanət və s. bu kimi mövzular işıqlandırılır, yəni hər bir insanı həyəcanlandıran məsələlər gündəmə gəlir və aktyor tamaşaçı ilə təkbətək qalarkən özü yaratdığı hadisənin mahiyyətini anlamağa təşəbbüs göstərdiyi kimi, tamaşaçı ilə bərabər eyni ilə onun həllini də çözməyə çalışır. Sözsüz ki, tamaşaçı da öz növbəsində bu tipli tamaşaları izləmək üçün müəyyən təfəkkür tərzinə və xüsusi hazırlığa malik olmalıdır. Təqdim edilən hər hansı bir monotamaşada təbii ki, bu zaman aktyor və ya aktrisa öz yaşantılarını, görüntülərini  zala nəzər yetirib məhz həmin an ifadə etməklə tamaşada öz dünyasını bir növ öz təqvimini yaratmış olmalıdır. Əgər səhnədə aktyor və ya aktirasa önə sürdüyü mövzu ilə bağlı maraq və həyəcan doğurursa, o zaman tamaşaçı da pyesin qəhrəmanı ilə  bir unison yaradıb onun düşüncələrinə uyğun ahəngdar yaşantılar keçirir və bir çox suala özü üçün dərhal cavab tapır. Təəssüflə qeyd etməliyəm ki, aktrisa Nargilə Abdullayevanın ifasında isə biz bir çox mətləblərdən doğan məqam və suallara isə cavab tapa bilmədik.

Teatr sənətinin ayrılmaz bir tərkib hissəsi olan monotamaşa – oradakı qəhrəmanın iç dünyasına, özünə məxsus aləminə səyahət etmək, onun macəralarını yaşamaq kimi bir özəllik daşıyır. Gərək ki,  hər zaman eyni sınaqdan və eyni həyat yolundan keçməklə aktyor və ya aktrisa nəticədə əsil bir qəhrəmana çevrilib onun həyatını yaşaya bilsin. Və onu da vurğulamağı vacib bilirəm ki, bir aktyorun monotamaşada ifası sadəcə olaraq təkcə səhnə qəhrəmanı olmaq deyil, o, eyni zamanda həm müəllif, həm aktyor, həm bədii qiraətçi ən nəhayət həm də özü özünün rejissorudur. Nəticə etibarı ilə bu kimi monotamaşalarda səhnədə olan aktyor və ya aktrisa rejissorluq missiyasını əksər hallarda öz üzərinə aldığı üçün ona kənardan hər hansı bir quruluşçunun da müdaxilə etməsinə ehtiyac duyulmur. Bu məqamda İlqar Rəhimovun iştirakı ilə hansı rejissor traktofkasına ehtiyac olduğunu söyləmək də çətindir. Əslində təqdim olunan monotamaşada rejissor traktofkası tamamilə görünmürdü. Çünki səhnəni ilk andaca bir məkan çərçivəsində dekorlarla lüzumsuz yerə o qədər basırıq hala gətirmişdilər ki, aktrisanın səhnə mizanları özü belə yorucu və mənasız idi. Aktrisa Nargilə Abdullayevanın səhnəyə qoyulan kreslo və divan arasında çaş-baş qalması isə rejissor traktofkasından xəbəri olmayan dırnaqarası rejissor adlandırılan naşı İlqar Rəhimovun fiyaskoya uğrayan növbəti biyabırçı uğuru demək idi. Hətta asılan pəncərə belə monotamaşanın ifasında sönük və mənasız detal olaraq diqqəti cəlb edirdi. Və maraqlı cəhət buarsında idi ki, aktirasanın monoloqlarının kiminlə olması da müəmmalı idi. Zalda əyləşən tamaşaçıların demək olar ki, əksəriyyəti belə duya bilmirdi ki, aktrisa Nargilə Abdullayeva xəyalı ilə deyil bətnində olan körpəsi ilə danışır.

Ən əsası qeyd etmək lazımdır ki, monotamaşalar şübhəsiz, özündə müsbət və pozitiv aspektlər daşıdığı kimi, bəzən kənar və əks effeklərdən də yaxa qurtara bilmir, onların təzyiqinə məruz qalır. Belə ki, aktyor və ya aktrisa öz şəxsi təcrübə eləcə də ustalığına istinad edib söykənərək, bütöv bir tamaşanı çəkib arxasınca aparırsa da, gələcəkdə çox xarakterli personajlardan ibarət olan tamaşalarda tərəf müqabilləri ilə iş prosesində ünsiyyətə girərkən sanki bu onun öz tamaşasıymış kimi oyun üslubunu tətbiq etməklə yenə də özünəxas fərdiyyətçilik  keyfiyyətlərini işə salmalı olur. Burada isə ən önəmlisi, yaradıcılıq hüdudlarının həssaslığına riayət etmək, deyim yerindəysə, onu bir növ ayaqlamamaq, oyun və ifa texnikasındakı  göstərmə və göndərmələrin fərqli cəhətlərini ayırd edə və görə bilməkdir. Monotamaşa eyni zamanda insanı nəzərdən keçirməkdir. Bu eyni ilə tamaşaçının da monotamaşaya baxıb həyat hadisələrini düşüncə və təfəkkür süzgəcindən keçirməsi deməkdir. Monotamaşa hal-hazırda, indi, bu saat baş verən, yaşanan, sabahı günü isə olmaya bilən bir möhtəşəm təzahürat deməkdir. Təəssüf ki, bütün bu sadalananlar Mingəçevir Dövlət Dram Teatrının səhnəsində öz təzahürünü tapa bilmədi.

 

 

 

  Anar Burcəliyev

Teatrşünas-tənqidçi