Mingəçevir teatrının Türkiyədəki “Son reportaj”ı

602

Mingəçevir Dövlət Dram Teatrı 1-30 may tarixlərində Türkiyənin Giresun şəhərində keçirilən Beynəlxalq “Giresun Aksu” Festivalı çərçivəsində tanınmış teatr ustası Fevzi Bayazitoğlunun xatirəsinə həsr olunmuş 23-cü  Beynəlxalq Giresun Teatr festivalından qayıdıb.

Festivalla bağlı ətraflı məlumat almaq məqsədi ilə Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədovla söhbətləşdik.

“Səfərdən xoş təəssüratlarla qayıtmışıq”, –  sözləri ilə söhbətə başlayan həmsöhbətimiz dedi: “Teatrımız qastrolda İlqar Fəhminin müəllif olduğu, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi  “Son reportaj” tamaşası ilə çıxış etdi. Kollektivimiz mayın 15-də Giresun Bələdiyə Teatrının səhnəsində, may ayının 16-da isə Bulancak şəhərində bu tamaşanı nümayiş etdirdi. Tamaşa hər iki şəhərdə türk tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılandı. İlk tamaşadan sonra səhnəyə çıxan Giresun bələdiyyə teatrının direktoru Mingəçevir Dövlət Dram Teatrına möhtəşəm tamaşa üçün öz təşəkkürünü bildirərək festivalın simvolu olan hədiyyəni teatrımızın direktoru Səxavət Məmmədova təqdim etdi”.

Növbəti günlərin təəssüratlarını bizimlə bölüşən Vüsal müəllimin sözlərinə görə, Giresun şəhər Bələdiyyə başqanı Kərəm Aqsunun dəvəti ilə teatrın rəhbərliyi orada bir sıra görüşlər keçirib: “Bələdiyyə başqanının mədəniyyət məsələləri üzrə muavini Həsən Özdəmirin də iştirakı ilə keçirilən görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Azərbaycan mədəniyyəti, Azərbaycan mətbəxi, Azərbaycan turizm imkanları haqqında kitablar şəhər rəhbərliyinə təqdim olundu. Bundan başqa, onlara Mingəçevir şəhəri, həmçinin teatrımız haqqında geniş məlumat verildi. Şəhər rəhbərliyi də Azərbaycanla bağlı xatirələrini bizimlə bölüşdülər. Onu da deyim ki, səfər çərçivəsində festivalda iştirak edən Türkiyə və xarici teatrların əməkdaşları (Festivalda Türkiyənin müxtəlif teatrları ilə yanaşı, İran İslam Respublikası, Rusiya Federasiyası və Gürcüstan Respublikasının teatrları da iştirak ediblər) ilə də maraqlı görüşlər keçirildi. Qərara alındı ki, teatrlar arasında qarşılıqlı əlaqələr yaradılsın”. Vüsal müəllimin sözlərinə görə, teatrın rəhbərliyi gələcəkd  bu əməkdaşlığı genişləndirmək niyyətindədir.

Daha sonra festivalın bağlanış mərasimdən söz açan Vüsal müəllim qardaş ölkədə bizim teatra qarşı xüsusi bir sevginin şahidi olduqlarını dilə gətirdi: “Biz yerli sənətsevərlərlə birgə Gürcüstanın, Rusiyanın teatrlarının təqdim etdikləri tamaşalara da baxdıq. Amma mən öz müşahidələrimə əsasən deyirəm ki, türkiyəli sənətsevərlər bizim tamaşadan daha çox zövq aldılar. Təbii ki, bu məsələdə dil amili, həm də onların ölkəmizə olan dərin sevgisi müəyyən rol oynadı. Bir maraqlı faktı deyim: tamaşaçılar hətta tamaşada səsləndirilən Azərbaycanımızın bir xalq mahnısının sözlərini Əməkdar artist Şıxı Yaqubovdan da xahiş edib yazılı alıblar. Yadıma düşmüşkən, turk seriallarının sevilən rejissoru Doğan Turan da bizim tamaşanı bəyəndi və  “Son reportaj”ı öz teatrlarının repertuarında görmək arzusunda olduğunu bildirdi. Fürsətdən istifadə edib mən sizin saytınız vasitəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə, teatrımızın rəhbərlərinə, Giresun Bələdiyyə başkanına, həmçinin bizim görüşləri lentə aldıqlarına görə “ARB” televiziya kanalının rəsmilərinə təşəkkürlərimi bildirirəm. Yeri gəlmişkən, Kərəm Aqsu ölkəmizdə çox olub. Amma o Mingəçevirdə olmadığını söylədi. Biz də ona şəhərimizə dəvət etdik”.

“Mingəçevir Dövlət Dram Teatrını daha hansı səfərlər gözləyir?” sualına isə Vüsal müəllim belə cavab verdi: “Hazırda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İran teatrı ilə danışıqlar gedir. Bu mənada İran və Türkiyəyə səfərlərimiz gözlənilir”.

Məlumat üçün bildirək ki, İ.Fəhminin bu pyesi ilk dəfə Mingəçevir Dövlət Dram Teatrında hazırlanıb və bu teatrın yaradıcılarından sayılan əməkdar artisti Akif Mirabov və Şıxı Yaqubovun sənət benefisinə çevirilib. Tamaşanın rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatı Elnur Rəsulova məxsusdur.

Esmira Hidayətova, Mingəçevir