Mingəçevir sakini: Bizi bu əzabdan cənab Prezidentimiz qurtardı

0
317

“2015-ci ildə baş verən devalvasiya prosesləri banklara kredit borcu olan vətəndaşlarımızın kredit öhdəliklərinin kifayət qədər artmasına, onların maddi durumlarının pisləşməsinə səbəb oldu. Bankların müştərilərini məhkəmələrə vermələri isə vəziyyəti bir qədər gərginləşdirdi. Belə ki, borc məngənəsindən qurtara bilməyənlər psixoloji problemlərlə üzləşdilər”. Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında Mingəçevir Şəhər Ağsaqqallar Şurasının üzvü Cəlal Həsənov söylədi.

Bildirdi ki, vəziyyətin mürəkkəbliyini nəzərə alan Prezident İlham Əliyev vətəndaşlarımızı bu çətin durumdan qurtarmaq məqsədi ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı və bu məsələni sadə vətəndaşların xeyrinə həll etdi: “Sevindirici və təqdirəlayiq haldır ki, artıq bir çox məsələlər kimi, bu problem də həll edildi. Bu, vətəndaşlarımızda böyük qürur, iftixar hissi doğurdu və onlara mənəvi-psixoloji rahatlıq gətirdi. Hazırda bankların yüksək faizlə kreditlər təklif etmələrini nəzərə alsaq,  bu Fərmanın vətəndaşlarımız üçün nə demək olduğunu təsəvvür etmək çətin olmaz. Xüsusilə təqdirəlayiq haldır ki, son vaxtlar dövlət başçısı minimum orta aylıq əməkhaqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı bir sıra sərəncamlar və fərmanlar da imzalayıb. Şübhəsiz, mütəxəssislərin inqilabi addım kimi dəyərləndirdikləri bu sənəd də ölkə başçısının apardığı sosial xarakterli islahatların tərkib hissəsini təşkil edir”.

Mingəçevir şəhərinin ilk qurucularının adına salınmış parkda son günlər belə söhbətlərin şahidi olduğunu vurğulayan müsahibimiz daha sonra dedi: “İnandırım sizi, bu parka istirahət etməyə gələn şəxslərin demək olar ki, doxsan faizi həmin problemli kreditdən əziyyət çəkirdi. Həmin insanlar möhtərəm Prezidentimizin məlum Fərmanından sonra elə sevindilər ki… Açığı onların sevincini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Amma onu deyə bilərəm ki, bu gün insanlar dövlətin həmişə öz vətəndaşının yanında olduğunu söyləyirlər”.

C.Həsənov, həmçinin qeyd etdi ki, cənab Prezident bununla bir daha sübut etdi ki, Azərbaycan dövlətinin siyasətinin ana xətti insanlardır, onların rahatlığının təmin edilməsidir: “Ölkə başçısı bu addımı ilə “Bizim əsas vəzifəmiz xalqın güzəranını yaxşılaşdırmaqdır” bəyanatına sadiqliyini bir daha nümayiş etdirdi. Bu, həm də onu göstərir ki, iqtisadiyyatımız güclü, dinamik inkişaf edir, artan gəlirlər bu kimi problemlərin həllini sürətləndirir”.

Mingəçevir şəhər sakini Nabat Mustafayeva isə bizimlə söhbətində bankdan 2 min dollar kredit götürdüyünü söylədi: “Biz dolların manata nisbətən məzənnəsinin 0,78 qəpik olduğu dövrdə kredit götürmüşdük. 2015-ci ilin fevral ayındakı ilk devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəməli olduq. Amma 21 dekabr devalvasiyasında isə ailəmizin ödəniş etmək imkanı olmadı. Nəticədə götürdüyümüz məbləğ, əgər belə demək mümkünsə, şişməyə başladı. Buna görə bank bizi məhkəməyə də verdi. Sonradan öyrəndim ki, sən demə, bu problemlə bağlı 311 mindən çox insanın işi məhkəməyə göndərilibmiş. Onları, o cümlədən bizi bu əzabdan cənab Prezidentimiz qurtardı. Eşitdiyimə görə, yaxın günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı da yerləşdiriləcək. Bir sözlə, həmin Fərman təkcə bizim ailəmizi yox, minlərlə bizim vəziyyətdə olan ailələri də sevindirdi. Odur ki, dövlət başçımıza minnətdarlığımızı bildirirəm”.

Qvami Məhəbbətoğlu, “İki sahil”