Mingəçevir şəhərinin 74 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

66

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərinin 74 illiyinə həsr olunan “Qalib ölkənin enerji mənbəyi: Mingəçevir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.

Universitetdən bildirilib ki, dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev Mingəçevir şəhərinin yaradılması günü münasibətilə təbriklərini çatdırıb. Mingəçevirin Azərbaycanın dördüncü böyük sənaye şəhəri olduğunu vurğulayan V.Mustafayev ölkənin elektrik enerjisi təminatının əhəmiyyətli hissəsinin məhz “energetiklər şəhəri”nin payına düşdüyünü bildirib. Qeyd edilib ki, Mingəçevirin hərtərəfli və davamlı inkişafının təmin edilməsi dövlətin diqqət mərkəzindədir. V.Mustafayev müasir dövrdə respublikanın sosial-iqtisadi inkişafında Mingəçevirin özünəməxsus rolu olduğunu diqqətə çatdırıb.

Sonra məruzələr dinlənilib. MDU-nun akademik heyət üzvlərindən Vüsalə Mövlayeva “Mingəçevir şəhərinin tarixi”, Səadət Şıxalıyeva “Mingəçevir şəhəri Cənubi Qafqazın ən böyük enerji mənbəyi kimi”, Aygün Qədirova “Mingəçevir şəhərinin maddi mədəniyyəti” və Günəş Şəfaqətov “Mingəçevirin iqtisadi inkişaf göstəriciləri” mövzusunda məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.