Mingəçevir şəhər İcra Hakimiyyətində Dünya ikincisi ilə görüş keçirilib

166

 

3 nömrəli tam orta məktəbin birinci sinif şagirdi Mehriban Elmar qızı Əhmədli şahmat üzrə keçirilən yarışlarda 8 yaşlılar arasında dünya ikincisi olub. İlk dəfə olaraq dünya çempionatına vəsiqə qazanan məktəbli Mingəçevir şəhərindən start götürən şahmat yarışlarında Gəncədə keçirilən zona birinciliyinin qalibi olmuş, Bakıda isə Azərbaycan çempionu adına layiq görülmüşdür. Bundan sonra Avropa və dünya çempionatına vəsiqə əldə edərək Yunanıstanın Rapid şəhərində avropa və dünya birinciliyi uğrunda mübarizəyə başlayıb. Avropa birinciliyində 19 ölkə arasında yarışa cəlb olunan idmançıları üstələyərək dördüncü yerə, dünya çempionatnda 39 ölkə arasında yarışa cəlb olunan idmançılar arasında isə ikinci yerə layiq görülmüşdür.

Bütün bu uğurları nəzərə alan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov gənc şahmatçı ilə may ayının 13-də şəhər icra hakimiyyətinin müşavirə zalında görüş keçirimişdir. Görüş zamanı şəhər rəhbəri ölkəmizdə idmana və idmançılara verilən qiymətdən bəhs etmiş, idmançılara yaradılan şəraitdən və uğurlarından söhbət açmışdır. Mingəçevirlilərin uğurlarından fərəhləndiyini dilə gətirərək son zamanlar futbolçuların və digər idman növündən çıxış edənlərin nailiyyətlərini sevinclə yada salmışdır. Gənc şahmatçı qızın uğurunu isə xüsusi qeyd edərək onu və məşqçilərini, valideynlərini təbrik etmiş, gələcək yarışlarda uğurlar arzulamışdır.

Görüşdə şəhər təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev, Mehribanın məşqçisi Sənubər Ağamalıyeva, şəhər təhsil şöbəsinin metodsti, şahmat məktəbinin müdir əvəzi Eyyub Həsənov, valideyni Elmar Əhmədov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər icra hakimiyyətinə dərin minnətdarlıqlarını bildirmişlər.

Görüşə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mehriban Əhmədlini bir daha təbrik edərək ona hədiyyələr və kubokları təqdim etmişdir. Görüşdən xatirə olaraq şəkillər çəkdirilmişdir.

Esmira Hidayətova, Mingəçevir