Mingəçevir məktəbliləri “Yenilməz batalyon”u yad ediblər

0
643

Mingəçevir 3 saylı tam orta məktəbdə “Yenilməz batalyon “adlı ədəbi-bədii kompozisiya keçirilib. Şagirdlərin hazırladığı tədbirdə məktəblilərlə yanaşı, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri və həmin məktəbin məzunu olmuş, ”Azərbaycan bayrağı“ ordeni ilə təltif edilmiş Mingəçevirin “Yenilməz batalyon”unun komandiri kapitan Yaşar Çələbi oğlu Məmmədzadənin ailə üzvüləri də iştirak ediblər.

Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  şagirdlərin Yaşar Məmmədzadə haqqında hazırladıqları video çarx nümayiş olunub. Məktəli şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Tədbirdə Yaşar Məmmədzadənin qardaşı Vaqif Məmmədzadə, yoldaşı Nina xanım, döyüş yoldaşı Elburus Məhərrəmov, məktəbin direktoru Gültəkin Quliyeva  və Xüsusi Təyinatlı Kəşfiyyatçı, I qrup Qarabağ əlili İlham Həmidov ürək yanğısı ilə çıxış edərək şagirdlərə xalqımızın igid oğulları haqqında məlumatlar veriblər. Yaşar Məmmədzadə haqqında ”Batalyon kömək isəyirdi” adlı  kitab yazan tədqiqatçı-jurnalist, ”Qızıl qələm”mükafatı laureatı Pənah Qurbanzadə çıxış edərək bildirib ki, bu günə qədər bir çox kitabların müəllifi olduğunu diqqətə çatdırıb. Daha sonra şəhidlə bağlı qələmə aldığı kitabdan söz açıb: ”82 yaşımda bu qədər ağır bir yazı qələmə almamışdım. Yurdumuzun ağır günündə Mingəçevir və mingəçevirlilər Vətən çağrışından geri qalmadılar. Oğullar dəstə-dəstə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. ”Mingəçevir batalyonu” yaradıldı. Onlar bütün cəbhə boyu düşmənə qarşı vuruşdu, Vətənin hər qarış torpağı uğrunda məxsusi rəşadətlər göstərdilər. Kapitan Yaşar Məmmədzadənin və onun cəsurlarının adları isə düşmən tərəfdə bir qorxu rəmzinə çevrilmişdi. Mən bütün bu olayları oxuculara çatdırmağa çalışmışam. Yeri gəlmişkən, kitabın çapında göstərdikləri dəstəyə görə Məmmədzadələr ailəsinə, Mingəçevirin şəhər icra başçısına, siyasi elmlər üzrə fəlsəfə doktoru İlham İsmayılova dərin təşəkkürümü bildirirəm”.

Sonda “Batalyon kömək istəyirdi” kitabı tədbir iştirakçılarına paylanıb.

Qeyd edək ki, Məmmədzadə Yaşar Çələbi oğlu 1960-cı il dekabrın 28-də Mingəçevirdə anadan olub. 1994-cü il yanvar ayının 4-də şəhid olub. Azərbaycan Respublikasın Prezidenti Heydər Əliyevin fərmanı ilə Məmmədzadə Yaşar Çələbi oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir