Mingəçevir məktəblərində maarifləndirici tədbirlər davam etdirilir

232

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərlə bağlı maarifləndirici tədbirlər keçirir. Məqsəd gələcəyimiz olan gənclərin və yeniyetmələrin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa səsləməkdir.

Bu gün bu məqsədlə  şəhərin 3 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək“ və digər zərərli vərdişlərə qarşı maarifləndirici  tədbir keçirilib. Əvvəlcə məktəbin direktoru Gültəkin Quliyeva çıxış edərək   zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Daha sonra  Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev  şagirdlərə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.

Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxış edib. . Narkoloji Dispanserin həkimi Eldar Mustafayev  isə narkomaniyaya qurşananlarda QİÇS-ə yoluxma ehtimalı daha çox olduğunu vurğulayıb. Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”,  “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və ”Yol hərəkəti qaydalarına əməl edək“ mövzuları ilə çıxışlar ediblər.

Sonda  şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

Esmira Hidayətova, Mingəçevir