Mingəçevir: Gözəlliklər diyarı

0
304

 Bu yerlər ilin bütün fəsillərində gözəldir. Geniş prospekt və küçələr boyunca cərgələnən məğrur çinarlar şəhərə xüsusi gözəllik verir. Yazda da, payızda da park və xiyabanları al-əlvan gül-çiçəklər bəzəyir. Qışı da bahara bənzəyir bu yurdun.

Mingəçeviri füsunkar edən, gözəlliklər diyarına çevirən bir tərəfdən ana təbiətdirsə, digər tərəfdən onu candan, könüldən sevən, hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu, əllərinin hərarətini əsirgəməyən insanlarının tükənməz vətən sevgisidir.

Ana Kür Mingəçevir üçün əvəzolunmaz yaraşıq mənbəyidir. Şəhəri ikiyə bölən, təbiətin ən böyük töhfəsi olan Kür nəğməkar dalğaları ilə sanki layla çalır energetiklər şəhərinin sakinlərinə. Təbiətin bu qiymətli töhfəsini yüksək dəyərləndirən sakinlər isə, öz növbəsində, bu gözəllik ilahəsinin yaraşığına min bir həvəslə yeni naxışlar vururlar. Şəhərdə yeni yaradılan parklar, xüsusilə də Nəsimi,  Dostluq parkı gözəl görkəmi,  nadir bəzək ağacları, müasir işıqlandırma sistemi, xoş və mənalı istirahət üçün zəruri olan hər şeyi ilə sakinlərdə könül rahatlığı yaradır.

 Yeri gəlmişkən qeyd etmək lazımdır ki, son illər Mingəçevir dinamik inkişaf yolundadır. Regionların yüksəlişinə artan dövlət qayğısı Mingəçevirin  timsalında özünü daha qabarıq göstərir.

Son bir neçə il başdan-başa inşaat meydanına çevrilən, yüksək zövqlə yenidən qurulan  Mingəçevirdə əhalinin mənalı istirahətini təşkil etmək də şəhər rəhbərliyinin qayğıları sırasındadır. Axşamlar sayrışan şəhərin rənarəng işıqları şəhərə başqa bir görkəm verir.

Bu gün Mingəçevirdə yaşamaq hər bir şəhər sakini üçün son dərəcə xoşdur. Həvəslə, zövqlə, ən başlıcası isə yüksək canıyananlıqla yenidən qurulan Mingəçevirin tezliklə Azərbaycanın ən gözəl şəhərinə çevriləcəyi bu gün heç kəsdə şübhə doğurmur.

Esmira Hidayətova, Mingəçevir