Mingəçevir Gənclər evi yenə media nümayəndələrini bir araya gətirib

660

 

Mingəçevir Gənclər evi ənənəsinə sadiq olaraq Milli Mətbuatımızın 142-ci ildönümü ilə bağlı Mingəçevirin media nümayəndələrini çay süfrəsi arxasında bir araya gətirib. Gənclər evinin koordinatoru, “İşıqlı gələcək” İB-nın sədri Tural Kərimov, Layihələr üzrə koordinator Kamal Əhmədov çıxış edərək bu bayram münasibəti ilə media nümayəndələrinə səmimi təbriklərini çatdırıblar. Tural Kərimov bildirib ki, biz gənclərin bu mərhələyə çatmasında medianın da rolu danılmazdır: “Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Gənclər mərkəzləri, Uşaq yaradıcılıq mərkəzləri  istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Mingəçevir Gənclər evi də belələrindəndir. Bu mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün bütün imkanlar yaradılıb”.

Kamal Əhmədov öz çıxışında şəhərdə fəaliyyət göstərən mediamızın inkişafından söz açıb. O, qeyd edib ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Ölkəmizdə milli mətbuatın inkişafı və çiçəklənməsi isə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Bu gün Azərbaycan Prezidenti bu siyasəti uğurla davam etdirir.

Tədbirdə media nümayəndələri də öz fikirlərini bölüşüblər.

Esmira Hidayətova, Mingəçevir

 

Esmira Hidayətova, Mingəçevir