MDU modern ali təhsil müəssisəsinə transformasiya yolundadır

70

 

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılması, Azərbaycan tarixinin möhtəşəm, şanlı səhifələrinin yazılması və beləliklə, ölkəmizdə və regionda yeni dövrün başlanması ilə əlaqədar olaraq, 2020/2021-ci tədris ili bir çox əlamətdar hadisələrlə yadda qalmışdır.

Eyni zamanda dünyada və ölkəmizdə COVID-19 pandemiyasının davam etdiyi cari tədris ilində dövlət başçısının ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, universitetlərdə əvvəlki tədris ilində qazanılmış təcrübələr və yaradılan yeni imkanlar ali təhsildə davamlılığın, əlçatanlığın təmin olunmasına və cari tədris ilinin uğurla başa çatdırılmasına imkan vermişdir.

Regionda yerləşən ali təhsil müəssisələrindən biri olan Mingəçevir Dövlət Universitetində (MDU) bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də yeni dövrün universitetinə çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, regionun hərtərəfli inkişafına davamlı töhfə vermək kimi strateji hədəflərə doğru mühüm addımlar atılmışdır.

Qlobal pandemiyanın mövcud çətinliklərinə baxmayaraq, dövlət tərəfindən ali təhsilə göstərilən yüksək diqqət və qayğı, tələbə və əməkdaşların həmrəyliyi və əzmkarlığı, mövcud vəziyyətə həssas, realistik yanaşma və çevik adaptasiya nəticəsində 2020/2021-ci tədris ili MDU üçün, ilk növbədə, tədrisin məsafədən uğurlu təşkili, elmi fəaliyyətin genişlənməsi, idarəetmənin təkmilləşdirilməsi və rəqəmsallaşması, kadr potensialının gücləndirilməsi, “universitet-universitet”, “universitet-cəmiyyət”, “universitet-sənaye” əlaqələrinin və beynəlxalq əməkdaşlığın inkişafı ilə xarakterizə oluna bilər.

Hazırda iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən üç fakültə və on kafedranın mövcud olduğu, 21 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığının həyata keçirildiyi MDU-da 2700-dən artıq tələbə və magistrant təhsil alır. Hesabat dövründə dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması və MDU-nun dayanıqlı inkişaf əsaslı universitetə transformasiyası istiqamətində müvafiq işlərə başlanılması mövcud potensialın yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağına zəmin yaradır.

COVID-19 pandemiyası şəraitində 2020/2021-ci tədris ilində tədrisin keyfiyyətli şəkildə davamlılığının təmin edilməsi, məsafədən təhsil prosesində tələbələrin yüksək davamiyyətinə, fəallığına və mənimsəmə səviyyəsinə, biliyin qiymətləndirilməsi üzrə optimal mexanizmin tətbiqinə nail olunması qarşıya qoyulan əsas vəzifələr olmuşdur. Mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları, Təhsil Nazirliyinin müvafiq əmrləri və dəstəyi, universitetdə tətbiq olunan yeni qaydalar, onlayn kommunikasiya alətlərindən geniş istifadə, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması sayəsində MDU bu vəzifələrin öhdəsindən uğurla gələ bilmişdir.

Cari tədris ilində professor-müəllim heyəti, tələbə və magistrantları ilə silsilə onlayn görüşlərin keçirilməsi, İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradılması, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu” və “Qaynar xətt”in fəaliyyət göstərməsi MDU-da tədris prosesinin səmərəli təşkili, imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsində mühüm rol oynamışdır.

Müvafiq fənlər üzrə mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının elektron formatda tələbələrə çatdırılması, eləcə də professor-müəllim heyəti tərəfindən hazırlanan 2300-dən çox videodərslər tələbələrimizin zəruri bilik və bacarıqlar əldə etməklə imtahanlarda uğurlu nəticələr göstərməsinə, universitetin əsas akademik göstəricilərinin müsbət dinamika ilə inkişafına şərait yaratmışdır. 2018/2019-cu tədris ilinin yaz semestri ilə müqayisədə 2020/2021-ci tədris ilinin yaz semestri üzrə MDU tələbələrinin müvəffəqiyyət göstəricisi 20,0 faiz bəndi artaraq 78,9 faizdən 98,9 faizə, keyfiyyət göstəricisi isə 21,3 faiz bəndi artaraq 18,7 faizdən 40 faizə yüksəlmişdir.

Elmi fəaliyyətdə səmərəliliyin və nəticəyönümlülüyün təmin edilməsini, orta və uzunmüddətli perspektivdə ölkənin və regionun inkişafına töhfə verən tədqiqat universitetinə çevrilməyi diqqət mərkəzində saxlayan MDU-da 2020/2021-ci tədris ili ərzində elmi potensialın inkişaf etdirilməsi sahəsində müsbət keyfiyyət dəyişiklikləri baş vermiş və yeni meyillər formalaşmışdır.

Son dövrdə elmi fəaliyyətin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, o cümlədən cari tədris ilində Elmi Şuranın müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitetdə elmi fəaliyyətin genişlənməsinə və əməkdaşların nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrinin sayının artmasına səbəb olmuşdur. Belə ki, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (13 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (7 ədəd) təxminən 2 dəfə çox olmuşdur.

MDU tarixində ilk dəfə olaraq, “Dayanıqlı inkişaf” adlı müstəqil, multidissiplinar elmi jurnalın təsis edilməsi universitetin alimləri və gənc tədqiqatçıları tərəfindən həyata keçirilən elmi tədqiqatların nəticələrinin geniş ictimaiyyətə çatdırılması, dayanıqlı inkişaf məsələləri ilə bağlı son nəzəri yanaşmaların, yeniliklərin və müsbət təcrübələrin yayılmasında, yerli və xarici ölkələrin tədqiqatçıları arasında elmi kommunikasiyanın inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.

2021-ci ilin may-iyun aylarında müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşı elmlər doktoru, üç əməkdaşı isə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmişlər. Bundan əlavə, cari tədris ilində MDU-nun bir əməkdaşı və bir məzununun Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktoranturaya qəbul olması elmi kadr potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

MDU-da Ümummilli Lider Heydər Əliyevin zəngin idarəçilik irsinin, “Nizami Gəncəvi ili” çərçivəsində dahi şairin əsərlərinin tədqiqi və təbliği məqsədilə, Vətən müharibəsində əldə olunan tarixi qələbənin perspektivləri və işğaldan azad edilmiş bölgələrin gələcək inkişafına, cəmiyyətin aktual problemlərinə və əlamətdar tarixi günlərə həsr edilən, eləcə də “Elm Günü” və görkəmli elm xadimi Lütfi Zadənin anadan olmasının 100 illiyi münasibətilə yerli və xarici tərəfdaşlarla birgə keçirilən müxtəlif formatlı elmi tədbirlər məhsuldar və uğurlu olmuşdur.

Cari tədris ilində MDU-da akademik və inzibati heyət üzvlərinin, təhsilalanların hərtərəfli inkişafına xidmət edən çoxsaylı təlimlər təşkil edilmişdir. Konkret olaraq, təhsildə innovasiya və sahibkarlıq yanaşması, peşə dəyərləri, məsafədən təhsil, tyutor xidmətləri, rəqəmsal iqtisadiyyat, layihə idarəetməsi, turizm və digər mövzularda tanınmış ekspert və mütəxəssislər tərəfindən keçirilən təlimlər xüsusi maraqla qarşılanmışdır.

Regional ekosistemin mühüm faktoruna çevrilməyi hədəfləyən MDU-da hesabat dövründə təhsil və sənaye işbirliyinin inkişaf etdirilməsinə xüsusi önəm verilmişdir. 2021-ci ilin 10 iyun tarixində MDU, Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə “universitet – peşə məktəbi – sənaye” üçtərəfli əməkdaşlıq formatının əsası qoyulmuşdur. Əmək bazarının dinamik dəyişən tələblərinə uyğun kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların dəstəklənməsi məqsədilə tərəfdaş sənaye müəssisələri ilə birgə konfrans, seminar, təlim, infosessiya, infotur və təcrübə proqramı reallaşdırılmışdır.

MDU-nun gənc əməkdaşları və tələbələri 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, COVID-19 pandemiyasına qarşı müvafiq sosial dəstək, təbliğat və maarifləndirmə işlərində, eləcə də əlamətdar günlərə və tarixi şəxsiyyətlərə həsr olunan tədbirlərin təşkilində yüksək fəallıq nümayiş etdirmiş və uğurlu nəticələrə nail olmuşlar. Hesabat dövründə Ümummilli Liderə həsr olunan şəhər müsabiqəsində birinciliyə, “İlin Tələbə Gənclər Təşkilatı”, “İlin könüllüsü” mükafatlarına  və müxtəlif adlı təqaüdlərə MDU təmsilçilərinin layiq görülməsi bu uğurların bariz nümunələrindən hesab edilə bilər.

Bununla yanaşı, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində MDU-da dəfələrlə tibbi-profilaktik və dezinfeksiya işləri aparılmış, universitet əməkdaşlarının 92 faizi vaksinasiyadan keçmişdir. Ənənəvi təhsilin bərpa olunmasını səbirsizliklə gözləyən tələbə və magistrantlar da bu prosesə aktiv qoşulmuşlar.

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan MDU-da cari tədris ilində təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu məqsədilə universitetdə yeni yaradılmış Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, onlar haqqında silsilə məqalələr dərc olunmuş, qazi məzunlarla görüşlər keçirilmiş, Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilmiş, şəhər və respublika miqyasında qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.

Akademik potensialın gücləndirilməsi və ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə paytaxtın qabaqcıl universitetləri ilə sıx əməkdaşlığa strateji önəm verən MDU-da cari tədris ilində tərəfdaş ali təhsil müəssislərindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə mövcud əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılmışdır.

Cari tədris ilinin payız semestrində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Siegen Universiteti ilə işbirliyi, Avropa Ali Təhsil Məkanı üzv-ölkələrinin Nazirlər Konfransında, Kəmər və Yol Universitetləri Alyansının beynəlxalq konfransında, eləcə də Erasmus+ proqramında iştirak çərçivəsində həyata keçirilən universitetin beynəlxalq əməkdaşlığı yaz semestrində Türkiyənin Yıldız Texniki Universiteti, Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, KTO Karatay Universiteti, Özyeğin Universiteti, eləcə də Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti ilə məqsədyönlü əlaqələrin qurulması nəticəsində yüksək dinamikası, məhsuldarlığı ilə fərqlənmiş və yeni mərhələyə qədəm qoymuşdur.

Fikrimizcə, pandemiya dövrünün çətinliklərinə və məhdudiyyətlərinə baxmayaraq, dövlətimizin diqqət və qayğısı sayəsində universitetdə bütün fəaliyyət istiqamətləri üzrə baş verən müsbət keyfiyyət dəyişiklikləri MDU-nun strateji hədəflərinə yaxınlaşmasına böyük zəmin yaradır.

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

“Azərbaycan” qəzeti