Mingəçevir Dövlət Universiteti Almaniyanın Siegen Universiteti ilə birgə layihə icra edəcək

0
107

Almaniya Xarici İşlər Nazirliyi Mingəçevir Dövlət Universiteti (MDU) və Siegen Universiteti (University of Siegen) tərəfindən hazırlanmış birgə layihənin maliyyələşdirilməsinə razılıq verib. “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlimlərin keçirilməsini nəzərdə tutan layihə cari ilin oktyabr-dekabr aylarında icra ediləcəkdir.

Siegen Universitetinin professor-müəllim heyəti və Almaniyanın uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçiriləcək təlimlərdə MDU-nun tələbə, magistrant və məzunlarının, eləcə də gələcəkdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı arzulayan Mingəçevir gənclərinin iştirakı nəzərdə tutulur. Təlimlər sahibkarlıq, biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edəcəkdir. Təlim iştirakçıları praktiki bacarıqlarını inkişaf etdirmək, işgüzar oyunlarda iştirak etmək və ideyalarını biznesə çevirmək səriştələri qazanmaq imkanları əldə edəcəklər.

Regional eko-sistemin inkişafına töhfə verməyi hədəfləyən layihə çərçivəsində təşkil olunan təlimlərə biznesdə uğur qazanmış bir neçə yerli sahibkar qonaq məruzəçi qismində cəlb ediləcəkdir. Sonda ən yaxşı təqdimat və biznes-planlar hazırlayan təlim iştirakçıları öz startaplarını yaratmaq üçün layihə büdcəsi hesabına pul mükafatları əldə edəcəklər.

Bundan əlavə, layihə çərçivəsində Siegen Universitetinin sahibkarlıq təhsili sahəsindəki müsbət təcrübəsi ilə tanış olmaq məqsədilə MDU-nun iki əməkdaşının bir ay müddətində Almaniyada təlimdə iştirakı nəzərdə tutulur.

Mövcud şərtlər nəzərə alınmaqla, ilkin mərhələdə layihə online formatda icra ediləcəkdir.

Layihə tərəfdaşlarının ilk virtual görüşü 2020-ci ilin 25 sentyabr tarixində ZOOM platforması üzərindən keçirilib. MDU-nun rektoru Şahin Bayramovun, Siegen Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin kafedra müdiri Petra Muqun və hər iki universitetin müvafiq əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə layihənin tərəfdaşlar arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminlik ifadə edilib.

Qeyd edək ki, yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir.

Esmira Hidayətova, Mingəçevir