Mingəçevir Dövlət Universiteti Ahmet Yesevi Universiteti ilə əməkdaşlıq edəcək

79

2022-ci ilin 12 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qazaxıstanın Türküstan şəhərində yerləşən Ahmet Yesevi Universitetində (AYU) olub.
AYU-nun rektoru Janar Temirbekova ilə keçirilən görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb.
MDU rektorunun AYU-nu ziyarət etməsindən məmnunluğunu bildirən J.Temirbekova əsası 1992-ci ildə qoyulmuş Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Üniversitesi haqqında ətraflı məlumat verib.

Əsas missiyası türk dünyasının inkişafına töhfə vermək olan AYU-da 11 fakültədə 10 mindən artıq tələbənin təhsil aldığı bildirilib.
MDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan J.Temirbekova AYU-da tətbiq olunan universitet idarəetmə modeli, tədrisin və elmi fəaliyyətin təşkili mexanizmi haqqında danışıb.
Dost Qazaxıstanın Türküstan şəhərində olmaqdan məmnunluğunu ifadə edən MDU-nun rektoru Ş.Bayramov səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.
MDU-nun modernləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan Ş.Bayramov türkdilli ölkələrin universitetləri ilə işbirliyinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.
MDU-da həyata keçirilən kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən Ş.Bayramov AYU ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib.
Müzakirələrdən sonra, MDU ilə AYU arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, ortaq konfrans və seminarların keçirilməsi, qarşılıqlı mühazirələrin təşkili, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılmasını nəzərdə tutur.
Daha sonra, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Görüşdə AYU-nun prorektoru Pusat Pilten də iştirak edib.
Ziyarət çərçivəsində MDU-nun rektoru Ş.Bayramov AYU-nun mövcud infrastrukturu və geniş imkanlara malik olan kampusu ilə tanış olub və burada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin potensialının gücləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verilir.
Esmira Hidayətova,Mingəçevir.