Mingəçevir Dövlət Dram Teatrı mövsümü “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”la açdı

Bu gün Mingəçevir Dövlət Dram Teatrı “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”la yeni teatr mövsümünü açıq elan edib.

Teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın səhnə tərtibatı, dinamikliyi, uğurlu musiqisi onları da valeh edib. Tamaşaçılar arasında Gəncə Dövlət Dram Teatırının aktyorları da olublar.Qeyd edək ki, 1800-cü il hadisələrindən bəhs edən bu komediya həmin dövrün ictimai-siyasi hadisələrinə ayna tutur.

… Tamaşa boyu gülüş obyektinə çevrilən Mirzə Həbib eşitdikləri ilə gördüklərinin arasında çaşıb qalır və sonda dərdini xana danışır. Öz hərəkətləri ilə vəzirindən heç də geri qalmayan, gülüş doğuran Lənkəran xanı da maraqlı bir obraz kimi yadda qalır. Tamaşada Pəri xanım, Ziba xanım, Şölə xanım, Nisə xanım rolları da böyük məharətlə ifa edilib.

Esmira Hidayətova
                                                                                                                   Esmira Hidayətova

 

Tamaşadan sonra təqdimat mərasimi keçirilib. Teatırın rejissoru, bir qrup aktyor, aktirsa və digər işçilər bu mədəniyyət ocağının direktoru Səxavət Məmmədov tərəfindən fəxri fərmanlarla təltif olunub. Teatrla sıx əməkdaşlıq edən jurnalistlər də diqqətdən kənarda qalmayıblar. Belə ki, Esmira Hidayətova (“Yeni avaz”), Yeganə Nəbiyeva (“Mingəçevir işıqları”), Mirsədi Daşdəmirov (“Mingəçevir”) “Teatırın dostları” nominasiyasına layiq görülüblər.

Məlumat üçün bildirək ki, Mingəçevir Dövlət Dram Teatrı eyni zamanda çağdaş dramaturgiya nümunələrinə də müraciət edir. Hazırda yazıçı-dramaturq Camal Yusifzadənin  “Səhər qatarı” pyesi üzərində məşqlər davam edir. Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, rejissor köməkçisi Xəyalə Qəmbərovadır.

Əsas rollarda Paşa Salmanov, Ramil Ağayev, Aydın Quliyev, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, Hüseyn Mustafayev, Asim Məmmədov və başqaları çıxış edirlər.

Tamaşanın oktyabrın ikinci yarısında nümayışi nəzərdə tutulub.

Esmira Hidayətova, Mingəçevir