Mingəçevir Bələdiyyəsində “Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

0
612

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə tədbirlər planına uyğun olaraq Mingəçevir Bələdiyyəsində “Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.

Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli tədbirin məqsədi haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, ölkəmizdə hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur. O həmçinin ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın multikulturalizmin təbliği və təşviqi ilə bağlı həyata keçirdiyi işlərdən da söz açıb. Onun sözlərinə görə, Azərbaycanın multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi zəruridir.

Gənclər və İdman Nazirliyini vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov öz çıxışlarında bildiriblər ki,ölkəmizdə aparılan hüquqi-demokratik islahatlar, vətəndaş cəmiyyəti quruculuğu həyatımızın bütün sahələrini əhatə edir, insanların hüquq və azadlıqlarının, milli-mənəvi dəyərlərinin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Bu istiqamətdə görülən işlərdə gənclər daha fəal olmalıdırlar.

Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məslələr şöbəsinin müdir müavini, Dini Qurumlarla işin təşkilatçısı Sahib Əliyev deyib ki, tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

YAP Mingəçevir şəhər Gənclər Təşkilatını sədri Bəxtiyar Mustafayev, MDU-nin magistri Aytən Mahmudova, MDU-nin TGT-nın sədri Rəşad Qurbanov, İşıqlı Gələcək İctimai Birliyinin nümayəndəsi Vüsal Mahmudov, “Gənclər Evi” Xarici dil danışıq klubunun sədri Humay Baxışova da “Tolerantlığın Azərbaycan modeli” mövzusunda çıxışlar ediblər.

Esmira Hidayətova