Mingəçevir Bələdiyyəsi hesabatını təqdim edib

529

Mingəçevir Bələdiyyəsi 2017-ci ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edib. Hesabat məruzəsi ilə çıxış edən bələdiyyənin sədri Coşqun Abdullayev bildirib ki, əvvəlki illərdə olduğu kimi, ötən il də vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb: “Hesabat dövründə bələdiyyədə vətəndaşlar tərəfindən 1248 ədəd ərizə və məktub daxil olub. Bunlardan 388 ədədi maddi yardımla, 212 ədədi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması və icarə müddətinin artırılması ilə, 128 ədədi fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə, 2 ədədi tikinti-təmir işləri ilə, 518 ədədi arayış, məlumat və sənəd almaqla bağlı olub. Müraciət edən şəxslərin 30-u şəhid ailəsi, 30-u Qarabağ müharibəsi əlili, 23-ü köçkün, 26-sı müxtəlif kateqoriyalı əlil, 7-si ehtiyatda olan zabit, 3-ü Qarabağ müharibəsi veteranıdir.

Maddi yardımla bağlı müraciət edənlərdən 247 nəfərə ərzaq, pul və material yardımları verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 65 nəfərə mövsümi ictimai-iaşə xidməti ilə məşğul olmağa icazə verilib, 8 nəfərə hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsi ayrılıb. 82 nəfərin icarəsinə verilmiş torpaq sahələrinin icarə müddəti uzadılıb. 52 nəfər sakinə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yazılı cavablar verilib.

 

İl ərzində rəsmi orqanlardan bələdiyyəyə 802 ədəd sənəd və məktub (34-ü nazirliklərdən, 30-u şəhər İcra Hakimiyyətindən, 2-ci Milli Məclisdən və 736-sı müxtəlif idarə və təşkilatlardan)daxil olub. Bütün sənəd və məktublara qanunvericiliyin tələbinə uyğun müddətdə baxılaraq, cavablar göndərilib. Tövsiyə, təlimatlar, qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün komissiya və şöbələrə verilib. Əlavə olaraq qeyd edək ki, bələdiyyəyə il ərzində ağacların budanması və kəsilməsi ilə bağlı vətəndaşlardan 60, idarə və təşkilatlardan 64 müraciət daxil olub. Müracətlərin icrası ilə bağlı bələdiyyə müvafiq qərar verərək, 8 saylı Ərazi, Ekologiya və Təbii Sərvətlər Şöbəsinə göndərilib. Nəticədə il ərzində şəhər ərazisində 70 ədəd ağac budanıb, 69 ədəd ağac kəsilib. Kəsilib götürülmüş ağacların yerinə, həmişəyaşıl ağaclar əkilib”.

Daha sonra  məruzə ətrafında şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini İlham İsmayılov, icra nümayəndələri Rizvan Mikayıllı, Nəriman İsmayılov, Dini Qurumlarla İş Komitəsinin nümayəndəsi Əlisa Fərəcov, məhəllə komitələrinin rəhbərləri – Nurəddin Həsənov, Əbülfət Babayev, Qabil Alıyev, İdris Fərruxov və başqaları çıxış edərək, rəy və təkliflərinin bildiriblər və bələdiyyənin illik  fəaliyyətini qənaətbəxş hesab ediblər.

Yığıncağın sonunda yerli özünüidarədə fəal iştirak etdiklərinə görə, məhəllə komitələrinin, KİV nümayəndələrinin və QHT təmsilçilərinin bir qrupu bələdiyyənin fəxri fərmanları ilə təltif ediliblər.

Esmira Hidayətova, Mingəçevir