Minalı sahələrin xəritələri mütəxəssislərimizin əlində olsaydı…

44

Xəbər verildiyi kimi, erməni vəhşiləri bir zamanlar işğal etdikləri ərazilərimizi xarabazara çeviriblər. Bütün bunlar azmış kimi erməni vandalları yolları, tarlaları, meşələri, bir sözlə, hərbi təyinatı olmayan ərazilərimizi də minalayıblar.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, indiyədək işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar nəticəsində piyada əleyhinə 7086, tank əleyhinə 3574 mina və 7943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2028 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Hazırda azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi minatəmizləmə işlərini davam etdirir. Hər gün hektarlarla ərazi partlayıcı vasitələrdən təmizlənir və zərərsizləşdirilir. Bu istiqamətdə görülən işləri çətinləşdirən isə işğalçı Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi ilə bağlıdır.

Böyük Qayıdış Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, elə bu səbəbdən işğalçı ölkənin hərbçiləri tərəfindən yerləşdirilən mina və partlamamış hərbi sursatları təmizləmək üçün ölkəmizə illərlə vaxt lazımdır: “Şübhəsiz, onların bu siyasəti işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan işləri ləngitməyə, həmçinin mülki əhali və hərbçilər arasında itkilərin artmasına hesablanıb. Yeri gəlmişkən qeyd edim ki, ötən ilin noyabr ayından indiyədək minalarla bağlı 50 nəfərin iştirakı ilə 30-dan çox hadisə baş verib. Zənnimcə, bu, müharibə cinayəti kimi dəyərləndirilməlidir.”

Müsahibimiz daha sonra vurğuladı ki, müəyyən çətinliklərə rəğmən ölkəmiz Türkiyənin, eləcə də Rusiya və digər xarici ölkə mütəxəssislərinin köməyindən istifadə etməklə bu istiqamətdə uğurlara imza atmağı bacarıb: “Elə son məlumatlar da təsdiq edir ki, aprelin 1-dən 30-dək aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 285 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Rayonlar üzrə olan bir neçə faktı da xatırlatmaq istərdim. Ümumilikdə bu günə kimi Zəngilan rayonunda 3 milyon 530 min kvadratmetr, Qubadlı rayonu ərazisində isə 3 milyon 600 min kvadratmetr ərazi minalardan təmizlənib. Zənnimcə, mürəkkəb iqlim və relyef şəraitində çalışanlar üçün bu, uğurlu nəticədir. Amma bir məsələni yenə xüsusi qeyd etmək istərdim ki, əgər minalı sahələrin xəritələri mütəxəssislərimizin əlində olsaydı, onlar minaların aşkarlanması üçün daha böyük ərazilərdə axtarış apara, bununla da əhalimizin Böyük Qayıdışını daha erkən reallaşdıra bilərdilər. Təəssüf ki,  beynəlxalq təşkilatlar  Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etmək üçün hələ də müəyyən addımlar atmırlar. Halbuki mayın 1-də Ağdamda səfərdə olan Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun da jurnalistlərə müsahibəsində dediyi kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Qarabağda ermənilər tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquq normalarının, eləcə də   sülh danışıqlarının kobud şəkildə pozulmasıdır. Yeri gəlmişkən, bu məsələ Azərbaycan tərəfindən dəfələrlə əlaqədar beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Hətta bu günlərdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb. Şübhəsiz, beynəlxalq qurumların bu vacib məsələyə laqeydlikləri  dünyada mövcud olan ikili standartların nəticəsidir ki, Ermənistana qarşı hər hansı sərt tədbir görülmür. ”

Müsahibimiz fikrini bu sözlərlə yekunlaşdırdı: “Bütün bunları analiz edəndə belə qənaətə gəlmək olar ki, işğalçı, faşizm ideologiyasına xidmət edən Ermənistan hələ də düşmənçilik mövqeyindən əl çəkməyib. İkinci Qarabağ müharibəsinin Ermənistanın məğlubiyyəti ilə bitməsindən 6 ay müddət keçməsinə baxmayaraq, təcavüzkar Ermənistanın Azərbaycanı mina təhlükəsi ilə qorxutmaqda davam etməsi bunun sübutudur. Amma mümkünsüzləri reallaşdıran Azərbaycan işğaldan azad etdiyi öz ərazilərində bu istəyinə də nail olacaq.”

Qvami Məhəbbətoğlu, “İki sahil”