Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi Ermənistanın faşist ideologiyasına xidmət etdiyini bir daha təsdiqləyir

Uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də ölkəmizə verilməyib.

Bu fikirləri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Ramin Məmmədov bildirib ki, erməni tərəfi bununla da beynəlxalq hüququ pozur. Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayət törədir. Noyabrın 10-da imzalanmış razılaşma ilə döyüş əməliyyatları dayandırılandan indiyədək həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olub, ağır yaralanıblar. Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Yəni, Ermənistan öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq beynəlxalq hərbi cinayətdir.

Deputatın fikrincə, bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir. “Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə qarşı etiraz səsini ucaltmalıdır. Amma təəssüf ki, dünya ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərmir. Beynəlxalq birliyin bu məsələdə susqunluğu çoxlu sayda günahsız insanın minaların qurbanı olmasına səbəb ola bilər. Ona görə də dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini təqdim etsin”, – deyə R.Məmmədov bildirib.