Minacət xanım: Qaçaqlardan qurtulan və çoxşaxəli fəaliyyəti ilə tanınan həmkəndlimiz

219

 

Məlum olduğu kimi, XX əsrin əvvəllərində azərbaycanlı qadınlar arasında maarifçiliyin yayılması prosesi kəşməkeşli bir yol keçib. Bu çətin yolda yürüyənlərdən biri də həmkəndlimiz Minacət Əlibala qızı Bayramova (1912-2008) olub. Bu dəfə sizə rayon miqyasında da sayılıb-seçilən bu xanımdan söz açmaq istəyirəm.

Proloq

Qonşuluğumuzda bir bağ evi var. Bir zamanlar həmin evin sakinlərini  burada şənbə, bazar günlərində görmək olardı. Bu da səbəbsiz deyildi. Belə ki, evin həm kişisi – Məmmədtağı kişi, həm də qadını – Minacət xanım rayon mərkəzində – Quba şəhərində çalışırdılar. Onların hər gəlişini  Minacət xanımın qardaşları və bacıları bayram kimi qeyd edərdilər. Bu sevincdən qonşulara da pay düşərdü.

Tərcümeyi halından sətirlər

Minacət Bayramova 1912-ci ildə Quba rayonun Alpan kəndindən Əlibala kişinin ailəsində dünyaya göz açıb. 1926-cı ildə Alpan kənd məktəbini bitirəndən sonra o, Quba şəhərindəki ikinci dərəcəli partiya-sovet məktəbində təhsilini davam etdirib. Minacət xanımın arxiv sənədlərinə istinadən qeyd edək ki, o, 1930-cu ilin may ayında Quba qəzasının Qusar Dairəsi Partiya Komitəsinin qadınlar şöbəsinin müdiri təyin olunub. Burada öz fəallığı ilə seçilən bu xanım Bakıya göndərilib. Bakıda savadsızlıqla mübarizə cəmiyyətinin fəal üzvlərindən birinə çevrilən Minacət xanım hətta bu sahədəki işgüzarlığına görə mədəniyyət əsgəri kimi tanınıb. Bununla əlaqədar savadsızlığı ləğv edən ştab (Bakı şəhəri, 3-cü rayon) tərəfindın 13 may 1931-ci ildə ona təqdim edilmiş bir sənəddə də bu ifadə yer alıb.

1931-ci ildə təhsilini başa vuran Minacət xanım kəndimizə – Alpana qayıdıb və burada bağça müdiri kimi fəaliyyətini davam etdirib. (Tərlan Nəzir bildirdiyinə görə, bağça klubun üst tərəfindəki, bir və ya iki otağında fəaliyyət göstərib).

Haşiyə

“Tərəqqi” medallı “Əməkdar həkim” Cabir İsrafil oğlu Məmmədovun sözlərinə görə, bir zamanlar həmin bağçada Xurma xanım da (Güliyev Sabirin anası) çalışıb. Lakin cəhdlərimizə baxmayaraq, həmin bağçanın kimin evində və yaxud hansı dövlət binasında fəaliyyət göstərdiyini dəqiqləşdirə bilmədik.

Qaçaqların hücumu

…Minacət xanım qadınların savad kursuna, eləcə də kollektiv təsərrüfata cəlb olunması isitiqamətində də fəallıq göstərib. 1935-ci ildə isə Minacət xanım Azərbaycan LKGİ MK-nın nəzdindəki gənc qadın kadrları hazırlayan kursa göndərilib. Buradan isə komsomol işçisi kimi Qubaya qayıdıb və rayon komsomol komitəsində pioner və məktəblilər şöbəsinə rəhbərlik edib.

O illərdə “Gənc işçi” qəzetinin onun haqqında yazdığı bir yazıda qeyd olunur ki, M. Bayramovanın fəaliyyəti nəticəsində 300 nəfərdən artıq gənc qadın savad dərnəklərinə cəlb edilmişdir. Həmin illərdə Minacət xanım bir sıra problemlərlə, eləcə də təhlükələrlə üz-üzə gəlib.

Minacət xanımın qızı Məlahət xanımın yaddaşından:  “Anam hərdən əmək fəaliyyəti dövründə qarşılaşdığı çətinlikləri də bizimlə bölüşərdi. Onun nəql etdiyi bir hadisəni söyləmək istərdim.  O zamanlar raykomun təyin etdiyi tədbirlərə vəzifəli şəxslər atlarla gedərdilər. Susay kəndində keçirilən belə tədbirlərdən birinə yollanan anam oradan qayıdan zaman  o vaxtın rejimi ilə razılaşmayan 5-6 qaçaqla qarşılaşıb. Anam onlardan qurtulmaq üçün atını sürətlə çapmağa başlayıb. Təbii ki, qaçaqlar da onu yaxalamaq məqsədilə sürətlərini artırıblar. Anamın sözləri ilə desək: “Mən nəyin bahasına olursa olsun onlardan qurtulmağa çalışdım. Bu niyyətlə də atın yüyənini boşaltdım. Və birdən yolun ortasında hansısa məqsədlə saxlanılmış yüklü bir at arabası gördüm. Yüyəninin boşaldıldığını hiss edən at birdən-birə həmin maneənin, yəni arabanın üstündən elə tullandı ki… Və atın maneəni bu formada dəf etməsi mənim qurtuluşum oldu. Həmin at arabası isə qaçaqların önünü kəsərək onların ləngiməsinə səbəb oldu. Mən də fürsətdən istifadə edərək atı çaparaq onlardan uzaqlaşdım”.

Radio əməkdaşı

Sonrakı illərdə Minacət xanım kənd təsərrüfatı bankında inspektor, icraiyyə komitəsində kadrlar şöbəsinin müdiri, rayon partiya komitəsində işlər müdiri, ictimai təminat şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb. Böyük Vətən müharibəsi illərində isə onun səsi Quba radio verilişlərindən gəlib. Bu mənada onu kəndimizin ilk radio işçisi də adlandırmaq olar.

Qızı Məlahət xanımın yaddaşından: “Anam Böyük Vətən müharibəsi dövründə (1941-1945) böyük məsuliyyət tələb edən radio verilişləri müvəkkili kimi mühüm işdə, sonra isə rayon partiya komitəsinin hərbi şöbə müdiri vəzifəsində çalışıb. Bu arada qeyd eləmək istərdim ki, o dövrdə efirə hər hansı xırda bir səhv, yanlış məlumat  getsə idi bu cinayət məsuliyyəti ilə nəticələnərdi. Anam müharibə vaxtı və müharibədən sonrakı ağır və çətin  dövrlərdə ərzaq mallarına tətbiq  olunan kart sistemi (çörək talonlarının paylanması) ilə əlaqdar qurumda da məsul vəzifədə fəaliyyət göstərib”.

Xalça ustası…

Onun bioqrafiyası ilə maraqlananda ilk baxışda qəribə görünən bir iş yeri də diqqətimizi çəkdi. Belə ki, Minacət xanım 1948-56-cı illərdə Quba xalçaçılıq artelinə başçılıq edib. Bu məsələyə aydınlıq gətirən Minacət xanımın qardaşı qızı Zöhrə Əziz qızı Bayramova bildirdi ki, bu sahə bibim Minacət xanım üçün doğma olub. Belə ki, hələ uşaq yaşlarından anası Mömünət xanım (o, həmkəndlimiz Piroğlanın qızı olub) xalça toxuyan zaman o bu sənətin sirlərini anasından əxz etmişdi. Bibimə görə bu sahə qədim tariximizə güzgü tutan, xalqımızın Tanrı sevgisini və ona inamını, təbiətə sıx bağlılığını, yaşam tərzini, fikir və düşüncələrini “naxış dili” ilə  əyaniləşdirən dekorativ sənət nümunəsi idi.

Qızı Məlahət xanımın yaddaşından: “Anam 1955-ci ildə soyuq bir qış günü xalçaçıların əmək haqqını çatdırmaq məqsədilə mühasib və xəzinədar ilə yola çıxıb. Amma ağır yol qəzasına uğrayıb. Bu səbəbdən o, 45 günə qədər komada qalıb. Səhhəti normallaşandan sonra yenidən əmək fəaliyyətini davam etdirib”.

Son iş yeri

Minacət xanımın son iş yeri isə Quba rayon mərkəzi əmanət kassası olub. (O, Maliyyə-kredit texnikumunu da bitirmişdir). Belə ki, o, burada 1979-cu ilə qədər müdir vəzifəsində çalışıb. O, dəfələrlə yerli sovetlərə, eləcə də Quba şəhər Sovetinə deputat seşilib. Minacət xanım, həmçinin rayon qadınlar şurasının sədri, rayon partiya komitəsinin təftiş komissiyasının sədri vəzifələrində də çalışıb. Bu aspektdən çıxış etsək, demək olar ki, o, 50 ilə yaxın bir müddətdə vəzifə sahibi olub.

Zöhrə xanımın yaddaşından: “Bizim ailənin uşaqları onu nənə bilirdi. Çünki Minacət bibim bizimlə bir nənə kimi rəftar edərdi.  Onu da deyim ki, Minacət bibim 3 yaşda anadan yetim qalmış atam Əzizə (o, 1934-cü il təvəllüdlü idi) sözün həqiqi mənasında analıq edib. Üstəlik, atam kənd təhsilindən sonra onun köməyi ilə Qubada fəhlə-gənclər məktəbində təhsil alıb. Bu məqamda bir nüansa da toxunmaq istərdim. Mən ali məktəbdə oxuyarkən bibim hər dəfə Bakıya tələbə qızının – Məlahət xanımın yanına gələrkən mənə də baş çəkər və müxtəlif hədiyyələr alardı. Bir sözlə, bibimin həm bizim ailəmizin, eləcə də əmim və bibilərimin üzərində çox zəhməti olub”.

Məlahət xanımın yaddaşından: “Əmək faəliyyəti ilə yanaşı, anam eyni zamanda valideynlərinin ilk övladı kimi ailəsinə və ümumiyyətlə insanlara böyük maddi və mənəvi dəstək göstərib.  Hətta 7 bacı-qardaşından 1 bacı və 2 qardaşının təhsil almasına vəsilə olub. Eyni zamanda onların ailə qurmalarında yaxından iştirak edib. Kiçik qardaşlarından biri olan Əzizi isə öz övladı kimi yanında saxlayıb böyüdüb”.

Ailənin əməksevər övladı

Kəndimizdə uzun müddət meşəbəyi kimi fəaliyyət göstərən Əlibala kişi və Mömünət xanım cütlüyünün 6 övladı (Minacət, Sonacət, Cəllad, Bahəddin, Gülsüm, Əziz) olub. Münacat xanım bu ailənin ilk övladı idi. O, uşaq yaşlarından zəhmətkeşliyi ilə fərqlənərdi. Eşitdiyimə görə, Minacət xanımın atasının saldığı bağlardakı ağacların boya-başa çatmasında çox zəhməti olub. Hətta o, bulaqdan səhənglə gətirdiyi su ilə onları suvararmış. Elə atası da bu əməksevərliyinə görə onu çox sevərmiş.

Minacət xanım əslən Şamaxıdan olan Məmmədtağı ilə ailə qurub. Minacət xanımın qızı Məlahət xanımın sözlərinə görə, Minacət xanımla Məmmədtağı kişinin tanışlığı belə olub: “Mənim anam bir müddət rayon hərbi komissarlığında da çalışıb. Məmmədtağı kişi ilə də tanışlığı elə orada baş tutub. Onu da deyim ki, Tiflisdə Ali Hərbi Topçu Məktəbini bitirən və İkinci Dünya müharibəsində iştirak edən Mirzəliyev Məmmədtağı, sözün həqiqi mənasında anamın qeydinə qalan, onu yaxşı başa düşən bir kişi idi”.

Qeyd edək ki, Minacət xanımın 3 övladı (Sədaqət , Aydın, Məlahət) olub. Sədaqət xanım Tibb texnikumunda, Məlahət M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. Aydın isə Moskva Yeyinti Sənaye İnstitutunu bitirib.

Əlibala Bayramov
Əlibala Bayramov

Valideynləri barədə bir neçə kəlmə

Yeri gəlmişkən qeyd edək ki, Minacət xanımın atası Əlibala Bayram oğlu dövrünün seçilən şəxslərindən biri olub. 1918-ci illərdə ermənilərə qarşı vuruşan, Samur-Dəvəçi kanalının (1938-ci il) tikintisində iştirak edən  Əlibala kişi mənim yaddaşımda zəhmli bir şəxs kimi qalıb. Amma o da yadımdadır ki, o, öz dini baxışları ilə seçilərdi. Hətta mən deyərdim ki, bizim evin yanındakı “Qılınc pir” məhz onun və sonrakı həyat yoldaşı Gülgəz xanımın (Əlibala və Gülgəz izdivacından bir övlad dünyaya gəlib: Ələkbər) sayəsində qorunub. Buna görə Əlibala kişi tənqidlərə də məruz qalıb. Hətta ötən əsrin 30-cu illərinin rayon mətbuatında (1 aprel 1939 №29) ona həsr edilmiş “Mövhumatla məşğuldur” məqaləsi dərc olunub. Həmin yazıda deyilir: “Quba meşə idarəsinin Alpan uşastoqu üzrə meşə nəzarətçisi Əlibala Bayramov (Ağarzayev-Q.M.)mövhumatla məşğuldur.

O, keçmişdə Alpan bəyləri və ruhanılar tərəfindən pir adlandırılan meşənin əhalə tərəfindən istifadə edilməsinə mane olur…. Əlaqədar təşkilatlar Əlibala Bayramov (Ağarzayev-Q.M.) haqqında tədbir görməlidir”.

Halbuki Alpan əhalisi bu ocağa inamları olduğundan oraya gəlib arzularının həyata keçməsini dilərdilər. O səbəbdən də Əlibala kişi ocağın ətrafını bağlayaraq oranın təsərrüfat məqsədi ilə istifadəsinə imkan verməyib.

Uzun müddət meşəbəyi kimi fəaliyyət göstərən Əlibala kişi bütün övladlarının təhsil almasına çalışıb və buna nail olub. Hətta onların öz şəxsi təsürrüfatlarının təşkilində öz yardımını əsirgəməyib.

Minacət xanımın bacısı oğlu Hacı Salmanın sözlərinə görə, Əlibala kişi sovet hökumətinə qədər dövrdə xüsusi təsərrüfatı ilə məşğul olub. Belə ki, Şimi tərəfdə Ağarzanın yeri adlı yer ona məxsus idi: “Həmin ərazidə bostan bitkiləri əkərdi. Hətta ailəsi ilə birgə orada qalarmış. Günlərin bir günü gecə vaxtı onların yaşadıqları komanın yaxınlığında güllə səsi eşidilib. Həyat yoldaşı Mömünət xanım elə bilib ki, kimsə onun ərinə atəş açıb. Odur ki,  o, dəhşətli dərəcədə qorxub və nəticədə qorxudan sağalmaz xəstəliyə – xərçəngə mübtəla olub və bu hadisədən az sonra dünyasını dəyişib”.

Epiloq

İndi də kəndə yolum düşəndə həmin bağ evinə tərəfə boylanıram. Doğrudur, orada yenə də hərdən yığışırlar. Amma orada Minacətlı, Məmmədtağılı günlərin təmtərağından əsər-əlamət görünmür.