Mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin daha bir parlaq diplomatik qələbəsidir

33

Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Müharibə dayanandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən yeddi ayda 100-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın mina xəritələrini verməyə məcbur etmək üçün apardığı məqsədyönlü və prinsipial siyasət öz məntiqi nəticəsini verməkdədir. Bir qədər əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanın xəritələrini Azərbaycana təqdim etdiyini açıqlayıb. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra dövlətimizin başçısının növbəti qələbəsi kimi səciyyələndirilməlidir.

Bu siyasətin nəticəsi olaraq böyük beynəlxalq aktorlar Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsi barədə Azərbaycan tərəfinin haqlı tələblərini, dövlət sərhədinin delimitasiyası ilə bağlı təkliflərini dəstəkləyir. Bu gün bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bu barədə danışan Prezident İlham Əliyev deyib: “Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar”.

Hadisələrin gedişi göstərir ki, Ermənistanda bu məsələdə yersiz inad göstərməyin əbəs olduğunu artıq anlayıblar.

Mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti parlaq diplomatik qələbəsidir. Bu, on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükələrdən xilas edəcək, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan XİN-in məlumatına əsasən, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. XİN-in bəyanatında humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan Hökumətinin dəstəyi təqdir olunur. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə ABŞ-ın Dövlət katibi Antoni Blinken başda olmaqla, onun Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusi vurğulanır. azərtac