Min il bundan əvvəl

479

Min il bundan əvvəl dünyada şahlar, sultanlar vardı, hər birinin də əmrində nökərlər, cariyələr.
Min il bundan əvvəl tacirlər bazarda uca səslə müştəri çağırardılar. Kimisi malına haram qatıb çağırardı, kimisi nə varsa onu deyərdi.

Min il bundan əvvəl bir kəndin qırağındakı daxmada tənha bir qarı yaşayardı. Oğulları müharibədə ölmüş, qızı uzaq məmləkətə gəlin köçmüşdü. Bir gəlin də hər səhər o qarının qapısını açıb halını soruşar, taxçanın üstünə axşam bişirdiyi yeməkdən bir qab qoyub gedərdi.

Min il bundan əvvəl bir oğlan bir qızı sevirdi. Gecələr ulduzlu göylərə baxıb xəyala dalır, sonra da əllərini açıb Allaha yalvarırdı ki, sevdiyi qızı onun qismətinə yazsın.

Min il bundan əvvəl müharibədə əsir alınmış gəncləri zəncirə vurub, bazarda qul kimi satardılar. Gözlərində həyat ümidi solmuş o gənclər də ürəklərində Allaha yalvarardılar ki, heç olmasa, insaflı müştəri çıxaydı.

Min il bundan əvvəl ağanın carçısı meydanın ortasına çıxıb “ay camaat, ağanın əmrini eşidin!” deyən kimi adamlar dörd tərəfinə cəm olardılar.

Min il bundan əvvəl bir molla can verən adamın başının üstündə “Yasin” oxuyardı və canının çıxdığını görən kimi oxumağını dayandırırdı ki, Allah kəlamı arvadların çığırtısında “boğulmasın”.

Ölümdən söz düşmüşkən yadıma düşən bir söhbəti sizlərlə bölüşmək istədim. Mənim yaşımdan xeyli əvvəl kəndimizdə Xanalı adlı bir qohumumuz namaz üstündə canını tapşırıb. Özü də namazın harasında olsa yaxşıdır, tam səcdədə. Kişi alnını yerə qoyub və eləcə də qalıb. Handan-hana baxıblar ki, kişi tərpənmir. Gəlib nə görsələr yaxşıdır, kişi nə gəzir, çoxdan uçub gedib. Nədənsə son zamanlar üzünü görmədiyim o rəhmətlik haqqında çox düşünürəm və hər dəfə də mənə belə gəlir ki, Qiyamət günü hər kəs məzardan dikəlib qalxanda Xanalı kişi də “Allahu Əkbər” deyib qalxacaq və namazına davam etmək istəyəndə onu dayandırıb təxminən belə deyəcəklər ki, dayan, a kişi, bura əkin yeri deyil, biçin yeridir, o namazın üstündən neçə yüz il keçib, bilirsənmi?  Xanalı kişi də başa düşəcək ki, aradan keçən bu qədər uzun bir zamanı Allah-Təala qısaldıb və onun üçün bir səcdə zamanına sığdırıb. Xanalı kişi neçə yüz il əvvəl öldüyünə, bu arada keçən bu qədər illərin onun üçün bir səcdə zaman diliminə sığdığına təəccüb edəcək. Amma sonra da düşünəcək ki, Allah-Təalanın qüdrət əlində, zamanın uzadılması, ya qısaldılması nə böyük işmiş axı?!

Min il bundan əvvəl bir zalım heç bir şey üstündə bir məzlumu incidirdi, varını-yoxunu əlindən alırdı.

Zamanın hər dilimində, dünyanın hər bölümündə bir zalımla bir məzlum üz-üzə dayanıb. İmam Hüseynlə Yezid hadisəsi hər zaman, hər yerdə müxtəlif variantlarda təkrarlanır. Bu həyatın təməlində duran tək ixtilaf haqla nahaqqın savaşıdır. O İmam Hüseyn şəhid oldu, zamanı çatan andaca Yezid də ölüb getdi. Amma bu gün bu dünyada onların o qədər bənzəri, ardıcılları var ki… Bir də dildə İmam Hüseynə tərəfdar olub, yanındakı Yezidə biət edənlər var. Həm də bir deyil, beş deyil, yüz deyil, min deyil… hansına nə deyəsən?!

Min il bundan əvvəl, nələr vardı-nələr, indi hamısı qar altında gizlənmiş ot kimi görünməz olublar.

Zaman patefonunun iynəsi indi bizim üstümüzdə firlanır, bizi oxuyur. Zaman lenti o iynə kimi fırlana-fırlana üstümüzdən keçib gedəcək, keçdikcə də bizi öndə gedənlərin arxasınca biryönlü yola uğurlayacaq.

Yaz gələcək, güllər açılacaq, qışda qar yağacaq, su donacaq və nə zamansa kimsə min il əvvəli xatırlayıb deyəcək ki, filan adda birisi vardı, belə-belə yazılar yazırdı: Min il əvvəl… Əli Məcidov