Milyarderin intiharı

545
Ötən həftə ən çox diqqətimi çəkən xəbərlərdən biri italiyalı milyarder Qvizdo Qizolfinin intihar etməsi oldu. Bildirilir ki, Baş Nazir Matteo Rentsiyə yaxın biznesmenlərdən hesab olunan 58 yaşlı iş adami özünə ov tüfəngindən atəş açıb.
Xəbərdə o da yer alırdı ki, hələ 1953-cü ildə atasının qurduğu və Qvizdonun rəhbərlik etdiyi “Mossi & Ghisolfi” transmilli şirkəti kimya sənayesi sahəsində ölkəsində ikinci, plastik qab istehsalında isə dünya lideridir. Yəni haradan baxırsan bax, bu şirkətin və onun vitse-prezidentinin hər hansı maddi problemi olmamalıydı. Ola bilsin ki, şirkət hansısa sahədə qanun pozuntusuna gedib, ya filan qədər zərərə uğrayıb, amma bütün bunlar intihar üçün əsas ola bilərmi? İllərdən bəri yanaşı oturduğum iş yoldaşım Səməd bəy deyir ki, ürəyin ağrıdısa, beş-altı yüzlüyü qoy ürəyinin başına, gör necə rahat olur. Səməd bəyin dediklərinə böyük ölçüdə qatılıram. Çünki bizdə intiharlar əksəriyyət etibarilə maddi problemlərlə bağlı olur. Ya kimsə hansısa məmurun zülmünə etiraz məqsədi ilə “Koroğlu” metrosunun yanındakı körpüyə çıxır, ya da aldığı borclardan, üst-üstə yığılan sələmlərdən, faizlərdən qurtarmaq üçün çıxış yolunu kəndirdə görür. Heç birisi təqdir ediləcək hal deyil. İntihar ən pis həyatdan belə çox-çox ağırdır. Şərtlər nə olur olsun Allahın verdiyi can əmanətinə qıymaq kimsənin haqqı deyil. Dözəcəksən, dayanacaqsan, lazım gəlsə, sürünəcəksən, amma can əmanətinə qıymayacaqsan. Unutmayaq ki, Kəbə – Allah evidir, amma insan əli ilə inşa edilib. İnsan qəlbi isə insanın kimi görünsə də əslində Allahın əsəridir. Bəzi alimlər bu həqiqəti əsas tutaraq deyirlər ki, inanmış bir qəlbi haqsız yerə qırmaq Allahın evini yıxmaqdan daha ağırdır.

Bəli, intihar bütün hallarda ən uğursuz seçimdir, bir növ ilandan qorxub əjdəhanın ağzına girmək kimidir. İntihar edən yüz milyonlarla, milyardlarla sərvətə sahibsə, məsələ daha qəliz, anlaşılmaz xarakter alır. Bir daha görürsən ki, pul çox şeydir, amma hər şey deyil. Dünyanın hansı ölkəsində olur-olsun, bir insanın bütün qayğılarını həll etmək üçün bir milyon artıqlaması ilə yetərlidir. Bu insanınsa milyonu deyil, milyardı var, sahib olduğu sərvətlə təkcə özünün, ailəsinin deyil, yaşadığı şəhərin bütün problemlərini həll edə bilərdi, amma özünü öldürdü. Bu dünyada zövq deyiləcək, ləzzət hesab olunacaq hər şeyi, özü də artıqlaması ilə ala bilərdi. İstəsəydi, şəxsi təyyarəsi ilə səhər-axşam göy üzündə dolaşıb dünyaya yuxarıdan aşağı tamaşa edərdi; İstəsəydi, gəmi ilə dünya turuna çıxa, okeanın ortasında tilovla balıq tutardı. Yəni nə istəsə edə bilərdi, amma eləmədi, ölməyi seçdi. Yadıma uzun-uzun illər öncə, bu gün əlim yetməyən o rayonumuzda eşitdiyim bir söhbət düşdü. Ağıl sarıdan bir balaca problemi olan bir kişidən soruşurlar ki, birdən çaşıb səni rayona raykom qoysalar, nə edərsən. Məlumdur ki, o zamanlar raykom dediyin rayonun yiyəsi deməkdi. Bu yazıq zavallı da nə desə yaxşıdır: “O sarı, yumru şey var ee, qabığını soyub yeyirlər, ondan iki camadan alardım. Birini paylayardım camaata, kef eləsinlər, o birini də təkcə özüm yeyərdim, bir kopoyoğluna zıxmır da göstərməzdim”. Sən demə, o yazığın ən böyük arzusu qarın dolusu apelsin yemək imiş. İndi istər-istəməz o adamla bu adamı müqayisə edirsən, nə qədər də fərqli, əks qütblərdə duran adamlar. Amma əmin olun ki, milyardlara sahib olub intihar etməkdənsə, bir ömür boyu apelsin həsrəti ilə yaşamaq daha yaxşıdır.

Məsələ təkcə maddiyyatla tamamlanmır, bəzən insan könlündəki aclığı doldura bilmir, böyük bir boşluğa düşür və o boşluqdan qurtara biləcəyinə də ümidini itirdiyi üçün ölümü son çarə bilir. Və sən bu məqamda İslamın nə qədər möhtəşəm bir nemət, qoruyucu güc mənbəyi olduğunu anlayırsan. Çünki İslam bu dünyada hər şeyin imtahan olduğunu, ölümün qaçılmaz sonluq kimi səni gözlədiyini və bu zaman dilimində əbədi səadəti qazanmağın yollarını öyrədir. Dünya dediyin çox uzun bir səfər əsnasında bir ağac altında oturub bir hovur nəfəs dərmək kimidir. Bir azdan qalxıb gedəcəksən, yəni qəbir qapısından keçib yoluna davam edəcəksən. Amma bu da həqiqətdir ki, əbədi səadət və ya cəza bu qısa ömürdə qazanılır. Kimsəyə milyardlara sahib olmağı, ardınca da intihar etməyi arzulamıram. Bir də ki, sonu güllə ağzında gələn əzabla gələndən sonra nə fərqi varmış ki, başa çatan ömründə Misirə sultan olmusan, ya bazarda hambal. Hər nəydisə artıq başa çatdı, qurtardı. Burdan o tərəfə sorğu-sual, hesab-kitab mərhələsi başlayır, vəssalam. Əli Məcidov