Millimizin “Şeyx Nəsrullahı”nın monoloqu

– Hə, mənim əzizlərim, rəhbərlik etdiyim milliniz yenə uduzdu. Bilirəm, yenə də arxamca o ki var deyindiniz, ürəyinizin ən dərin guşəsində bəslədiyiniz “xoş” sözləri ünvanıma göndərdiniz. Yox, buna görə mən kimsədən incimirəm. Çünki həmin “xoş” sözlərə elə öyrəşmişəm ki, onları heç vecimə də almıram. Sizin Məşədi İbad demişkən, artıq bir növ adətkər də olmuşam.

Bəli, bəziləri elə güman edirdilər ki, mənim rəhbərliyim altında Azərbaycan millisi İtaliyada qeyri-adi sərgüzəştləri ilə dilə-düşə düşəcəklər. Lakin oyunçularım dördqat dünya çempionu İtaliya millisi ilə oyunda müdafiədə kobud, mən deyərdim ki, faciəvi səhvlərə yol verdilər və nəticədə qapımızda iki qol gördünüz. Bir də səmimi etiraf edim… Siz azarkeşlər nə vaxt bizim qapımızda qol görməmisiniz ki? Sözün düzü, qorxurdum ki, birdən bu dəfə qapımızda qol görməyəsiniz və şoka düşəsiniz, arada ölüm-itim ola, nəticədə adım kriminal aləmdə hallanar. Deyirəm, nə yaxşı ki, italyanlar buna imkan vermədilər. Daha bir nə yaxşı ki, hesab arasındakı fərq daha böyük olmadı. Bu isə o deməkdir ki, bizim uşaqlar nəsə etməyə çalışdılar və buna nail oldular. Bu mənada, mənə elə gəlir ki, məğlub olmağımıza baxmayaraq, bu, gənc komandamız üçün çox yaxşı nəticə oldu. Nə olsun ki, xal qazanmadıq? Balam, “zato” təcrübə topladıq da, məgər bu azdır? Necə, mən hər məğlubiyyətdən sonra bu sözləri işlədirəm? Bəs nə deməliyəm? Deməliyəm ki, Azərbaycan millisinin oyunçularının fiziki hazırlığı aşağıdır? Deməliyəm ki, özümüzü birtəhər müdafiə etdik, yaxud müdafiədə oturduq? Deməliyəm ki, azərbaycanlı futbolçular oyunu deyil, oyundan nə qazanacaqlarını düşünürlər, yəni pul düşkünüdürlər, elə bu səbəbdən legioner həyatı yaşamaq istəmirlər? Vallah, bunları da demişəm. Sözün düzü, son günlər heç özüm bilmirəm, daha nələr uydurub deyim. Uydurmaq dedim, həmin oyunla bağlı sizə bir sirr də açım. Fasilə zamanı şəxsən mən Foqts öz imkanlarımdan yararlanaraq İtaliya komandasının məhsuldar oyunçusu Corcio Kyelliniyə yanaşdım və ondan bir qol da öz qapısına vurmasını xahiş etdim. Sağ olsun, sözümü yerə salmadı. (Yəqin, bilirsiniz də, həmin oyunda hər üç qolu (ikisini bizim qapıya, birini də öz qapısına) Corcio Kyellini vurdu). Mən axı bir baş məşqçi kimi bundan artıq nə edə bilərdim? Bağışlayın, deyəsən, Foqts bir az yekəxanalıq eləyir. Amma indi də növbə mənimdir.

Bəli, şəxsən mən Azərbaycan futbolu üçün əlimdən gələni edirəm. Hətta lap uzaqda — öz vətənimdə, yəni aylarla Almaniyada oturub oradan klubların oyunlarını izləmədən belə, Azərbaycan futbolunun təəssübünü çəkirəm. Hərdən alman pivəsi də içirəm ki, xəyal aləmimdən ayılım. Hə, onu da deyim ki, sizinkilər öz aləmlərində xəyal qurmaq məqsədilə içirlər, amma biz almanlar bir qayda olaraq, xəyal aləmindən ayılmaq üçün. Deyəsən, mətləbdən uzaqlaşdım. Bu pivə də haradan yadıma düşdü mənim?

Hə, onu deyirdim axı… Düz 6 il öncə siz məni yalvara-yalvara bura çəkib gətirəndə elə xəyal edirdiniz ki, Azərbaycan millisini göylərə qaldıracağam. Bilirsinizmi bu nəyə oxşayır? “Ölülər”dəki Şeyx Nəsrullahın ölüləri “diriltməyinə…” Elədirmi? Doğrumu deyirəm? Yox, buna görə sizə bir söz demirəm. Gətirmisiniz, lap əcəb eləmisiniz. Amma etiraf edim ki, futbolunuzu dirildə bilmirəm də… İnsafən, sayənizdə kefi kök, damağı çağ yaşayıram. Hətta mən deyərdim ki, əgər “ölüdirildən” şeyx sağ olsaydı, mənə yaradılan şəraitə həsəd apardı. Vallah, başqa millini seçsəydim, kim idi mənə bu qədər pul verən, mənim üçün belə şərait yaradan?

Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bəli, millini “qaldırmaq” imkanım daxilimdə deyil. Yəni göründüyü kimi, bu, mənim işim deyil. Bunu hər kəs görür. Lakin… Yenə deyirəm, elə xəyal eləməyin ki, bu oyundan sonra Foqtsun başı xarab olub, odur ki, sayıqlayır. Amma yox. Mən hələ özümdəyəm, öz meydanımdayam. Elə düşünməyin ki, mən Şeyx Nəsrullah kimi aradan çıxmağa hazırlaşıram. Belə şeyi ağlınıza belə gətirməyin. Çünki mən o şeyxlərdən deyiləm, xalis yevropeyski şeyxəm. Amma öz aramızdır, hələ də bir şeyi başa düşə bilmirəm: balam, Avropanın ortabab futbol ölkələrində baş məşqçi iki ildə nəticə verməyəndə onu əvəzləyirlər. Bəs sizinkilər niyə mənim nazımla oturub-dururlar? Deyəsən, torbada pişik var axı. Olmaya onlar məni dünyanın futbol aləmində biabır etmək istəyirər? Vallah, bunlardan nə desən çıxar.