Millimizin baş məşqçi problemi yoxdur

648

Bu ayın 16-da AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində futbol üzrə milli komandamız Norveç millisi ilə görüşdü. Və “ənənə”sinə sadiq qalaraq bu oyunda da uduzdu. (Bununla da seçmə mərhələdə məğlubiyyətlərimizin sayı dörd oldu). Kimlərsə deyə bilər ki, 0:6 hesablı məğlubiyyətdən sonra bu, normal nəticədir, amma bu fikirlə razılaşmıram. Elə bu səbəbdən həmin oyunu şərh edib başınızı ağrıtmaq istəmirəm. Amma bu oyunla bağlı bəzi futbolçularımızın fikirlərinə atüstü münasibət bildirib digər məsələlərə baş vurmaq niyyətindəyəm. Qarşılaşmadan sonra millimizin oyunçusu Mahir Şükürov deyib: “Düşünürəm ki, xal ala bilməsək də, özümüzü yaxşı tərəfdən göstərə bildik. İndi diqqətimizi növbəti matçlara yönəltmişik. Ümumiyyətlə isə biz cərimə meydançası yaxınlığında və künc zərbələrində çox səhv buraxdıq… Bu komponentlərin üzərində çalışmalıyıq ki, növbəti qarşılaşmalarda belə səhvlər etməyək”. Millimizin kapitanı Rəşad Sadıqovun oyunla bağlı təəssüratları belə olub: “İlk dəqiqələrdən çalışdıq ki, hücum futbolu oynayaq. Oyuna da, topa da nəzarət bizim əlimizdə idi. Artıq rəqib geriyə çəkilib müdafiə olunurdu. Künc zərbəsindən vurulan adi bir qol rəqibin işinə çox yaradı. Bu qoldan sonra daha çox müdafiəyə qapanıb əks-hücuma bel bağladılar. Çalışdıq ki, hesabı bərabərləşdirək. Amma alınmadı”. Digər oyunçumuz Rahid Əmirquliyev isə belə deyib: “Mən hesab edirəm ki, bu matçda Norveçdən heç də zəif oynamadıq. Amma yenə də standart vəziyətdən qapımızda qol gördük. Düzdür, məşqlərdə bunun üzərində işləmişdik. Lakin yenə alınmadı”. (Elə digər oyunçular da belə fikirlər səsləndiriblər). Bu yerdə Molla Nəsrəddin arvadından soruşan kimi adam bunlardan soruşmaq istəyir: a kişilər, bu, pişikdirsə, ət hanı, ətdirsə, pişik hanı? Lakin Molla Nəsrəddinlik etmək fikrində olmadığımdan onlara elə özüməməxsus suallar vermək istəyirəm.

Sizi bilmirəm, mən artıq neçə oyundur ki, millimizin oyunçularından belə açıqlamalar eşidirəm. Hər dəfə onlar oyundan sonra bəzi idarə rəisləri kimi çıxışlar edərək oyunlarda buraxılan səhvləri aradan qaldıracaqlarını bildirir, lakin növbəti oyunlarda elə səhvlər buraxırlar ki… Qardaş, vallah-billah, yetər belə sitatlar gətirməyiniz… Mənə siz oyun göstərin e… Məğlubiyyətlərinizi pərdələməyə çalışmayın. Axı sizə nə mane olur öz ustalığınızı artırmağa, fiziki cəhətdən daha yetkin olmağa? Axı bir oyunda adi epizodlarda belə neçə dəfə top itirmək olar? Axı bir oyunda neçə dəfə zərbə alınmaya bilər? Odur ki, şərhçilər oyunu şərh edərkən ən çox işlətdikləri ifadə bunlar olur: topu itirdi, zərbəsi alınmadı, top oyunçumuza çatmadı, rəqib oyunçu futbolçumuzu asanlıqla aldatdı, yenə alınmadı. Maşallah, bu gün sizin fəaliyyətiniz üçün hər cür şərait yaradılıb axı. Elə isə niyə üzərinizdə mütəmadi işləmirsiniz? Axı nə vaxta qədər top dalınca deyil, başqa nəsnələr ardınca qaçacaqsınız? Vallah, diqqətiniz həmişə topda olsa, yaxşı nəticələr əldə edərsiniz.

Bəli, Norveçlə oyuna çıxanlar da bizim seçmələrimiz idi. Bu isə o deməkdir ki, bizdə üzümüzü ağ edəcək heç seçmə futbolçu da yoxdur. Şahin müəllim Diniyevin sözü olmasın, olanları da hələ çox rəndələmək lazımdır. Görünür, bu sahədə də ümid legionerlerə qalıb. Legioner demişkən, bu oyunda millimizə əcnəbi Berti Foqts deyil, bildiyiniz kimi, yerli baş məşqçi Mahmud Qurbanov rəhbərlik edirdi. Lakin yenə məğlub olduq. Bu məğlubiyyət bir daha sübut etdi ki, millimizin baş məşqçi problemi yoxdur. Yalnız və yalnız oyunçu problemi var. AFFA isə hələ də əcnəbi məşqçi axtarışındadır. Hətta verilən məlumata görə, hazırda AFFA on yeddi əcnəbi məşqçi ilə danışıqlar aparır, danışıq apardığı məşqçilərin qarşısında da Azərbaycanda yaşamaq tələbi qoyub. Guya millimizdə çalışacaq əcnəbi məşqçi ölkəmizdə yaşamaqla hər şeyi yoluna qoyacaq. Məncə, bu yol bizə uğur gətirməyəcək. Odur ki, filan qədər xərc töküb millimizə əcnəbi baş məşqçi gətirməkdənsə, bir neçə əcnəbi futbolçu cəlb etmək daha məntiqli olardı. Əks halda, millimiz hələ çox oyunu xalsız tərk edəcək. İstər ona əcnəbi məşqçi rəhbərlik etsin, istərsə də yerli məşqçi…

Deyəsən, bu dəfə yazım alınmadı axı… Yəqin, istəkli oxucularım buna görə məndən inciməzlər. Eh, bir də incisələr deyərəm ki, qardaşlar, bizim futbolçular hər dəfə alınmadı deyəndə olur, mən bir dəfə deyəndə yox?

Qvami Məhəbbətoğlu