Millimiz özünü sınaqdan çıxarır

0
392

Milli komandamız bu gün yoxlama oyununa çıxacaq. Martın 21-dən Antalyada təlim-məşq toplanışında olan əsas komandamız Qazaxıstanla üz-üzə gələcək. Bu, DÇ-2018-in seçmə mərhələsinə hazırlaşan komandamızın 2016-cı ildə ilk sınağı olacaq. Türkiyəyə 25 futbolçu ilə yollanan yığmamız tarixində 9-cu dəfə qarşılaşacağı rəqibi məğlub etmək niyyətindədi.

Ötən ilin noyabr ayına təsadüf edən son yoldaşlıq görüşündə Moldovanı üstələyən (2:1) Robert Prosineçkinin yetirmələri qazaxlarla görüşdə də qələbə üçün meydana çıxacaq. Xorvatiyalı çalışdırıcının bu matçda heyətdəki əksər futbolçulara şans verəcəyi gözlənilir. Tarixləri boyunca 8 dəfə qarşılaşmış köhnə rəqiblərin budəfəki dueli də gərgin oyun vəd edir. Yığmamız kimi, Qazaxıstan millisi də meydana iddialı çıxacaq. Bunu rəqib futbolçuların açıqlamalarından da hiss etmək mümkündü. Qazaxlar millimizə qalib gəlməklə, martın 29-da Gürcüstanla keçirəcəkləri yoldaşlıq oyununa yaxşı əhval-ruhiyyədə çıxmaq arzusundadılar.

Azərbaycan və Qazaxıstan milli komandaları arasında bu gün Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununi  türkiyəli FIFA referiləri idarə edəcəklər.

Baş hakim: Ali Palabıyık

Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, Kerem Ersoy
Dördüncü hakim: Halil Umut Meler