Millimiz 1/8 final mərhələsinə vəsiqə qazanıb

0
459

Futzal üzrə dünya çempionatının qrup mərhələsində Azərbaycan milli komandası son oyununu keçirib.

Millimiz Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İran yığması ilə qarşılaşıb. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Everton Cardosonun dubl etdiyi oyunda 1 dəfə Teles Martins Tyaqo fərqlənib.

Xatırladaq ki, komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlmiş, növbəti oyunda isə İspaniya yığmasına məğlub olmuşdu – 2:4.

Beləliklə, 4 xal toplayan millimiz qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqə qazanıb. Millimiz sentyabrın 22-də, yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 23 sentyabr, saat 02:30), Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Tayland yığması ilə qarşılaşacaq.

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İran oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi): “Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq. İndi toparlanmalı və dünya çempionatında çıxışımızı davam etdirmək barədə düşünməliyik. Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.

Seyed Nazemalsharieh (İran millisinin baş məşqçisi): “Düşünürəm ki, fərqli və bir o qədər də çətin oldu. Əlbəttə, qələbə qazanmaq və qrup mərhələsini ikinci pillədə başa vurmaq istəyirdik. Qalib gələcəyimizi inanırdıq. Bunun üçün meydana beşinci oyunçunu da buraxdıq. Erkən qollar vursaq da, çoxsaylı şanslarımız olsa da, hesabı qoruya bilmədik. Oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq. Artıq növbəti oyuna yaxşı hazırlaşmaq barədə düşünməliyik. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq”.

Dünya çempionatı

Qrup mərhələsi. III tur

19 sentyabr

03:00. Azərbaycan – İran

Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)

Medelin. “Coliseo İvan de Bedout”

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Bolinya, 5. Fineo, 10. Vasura, 13. Qallo

Ehtiyat oyunçular: 1. Emin Kürdov, 2. Elnur Zamanov, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Fabio Poletto, 11. Xətai Bağırov, 14. Vitali Borisov

İran: 1. Sepehr Mohammadi, 3. Ahmed Esmailpur, 7. Ali Hasan Zadeh, 13. Farhad Tavakoli, 14. Mahdi Cavid

Ehtiyat oyunçular: 2. Alirza Samimi, 4. Mohammed Keşavarz, 5. Hamid Ahmadi, 6. Mohammedrza Sanqsefidi, 8. Godrat Bahoduri, 9. Afşin Kazemi, 10. Mohammad Taheri, 11. Mehran Aliqadr, 12. Hoseyn Tayebi