Milli Teatr günü qeyd olunacaq…

537

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mart ayının 10-da Milli Teatr gününə həsr olunmuş tədbir keçiriləcək.
Teatrın aktyorları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək tədbirdə 143 yaşlı Azərbaycan Milli Teatrı haqqında çıxışlar olacaq.
Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Tamaşada rolları Əməkdar Artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Elnur Kərimov, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.
Məlumat üçün bildirək ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub. Elə bu tamaşa ilə də Azərbaycanda milli teatrının təməli qoyulub.