Milli rəqslərimiz mənəvi dəyərimizdir

0
610

Hər millətin əsas xarakterik cəhətləri onun milli-mənəvi dəyərləridir və hər xalq da məhz bu dəyərləri ilə başqalarından fərqlənir, seçilir. Bu mənada “milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz” (ulu öndər Heydər Əliyev). Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Bu milli-mənəvi dəyərlər bizim dilimiz, dinimiz, adət-ənənəmiz, folklorumuz, mədəniyyətimizdir. Xalqımız hər zaman milli dəyərlərinə sadiqliyini göstərib və onları yaşatmağa çalışıb.

Xalqımız tarixən öz duyğularını, hisslərini ən müxtəlif yollarla – bayatılarla, mahnılarla, əməkçi nəğmələri ilə, atalar sözləri ilə və təbii ki, oyun havaları, yəni rəqslərlə də ifadə edib. Həmin rəqslərimizdə döyüş ruhu da var, səfərbərlik ovqatı da var, dünyaya, insana məhəbbət, sevgi də var, Allaha bağlılıq da. Bu rəqslərin hər birində xalqımızın tarixi, mənəvi dünyası, adət-ənənəsi, psixologiyası, xarakteri yaşayır. Yəni rəqslərimiz bəzilərinin başa düşdüyü kimi, sadəcə, primitiv hərəkətlər ardıcıllığı, başqa sözlə desək, musiqinin tempinə uyğun ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü deyil. Bəzən irihəcmli bir əsərin deyə bilmədiyi mətləbi dramatik ünsiyyət vasitəsi sayılan rəqslərimiz çox aydın bir şəkildə deyə bilir.

“Uzundərə”, “Heyvagülü”də bir ağa müdrikliyi, bəy ədası, “Vağzalı”da sevinc göz yaşları, “Tərəkəmə”də bir tərəkəmə ab-havası, “Qoçəli”də igidlik, “Yallı”da birlik, “Turacı”da, “Ceyrani”də zəriflik hakimdir. Bu mənada kütləviliyi ilə seçilən milli rəqslərimiz, əgər belə demək mümkünsə, məzmun yükünə görə olduqca qiymətlidir. Bu rəqslər qarşılıqlı anlaşmanı, birgə əməyi, həmrəyliyi təbliğ edir. Onu da əlavə edək ki, digər xalqların rəqsləri ilə müqayisədə bizim rəqslərimizin coğrafiyası daha geniş, daha rəngarəngdir. Rəqslərimiz, sözün həqiqi mənasında, xalqımızın əsl mənəvi xəritəsidir desək, yanılmarıq. Yəni xalqımızın yaşadığı duyğuların hər bir rəngini, çalarını rəqslərimizdə görmək mümkündür. Rəqslərimiz bir çox sahələri də özündə ehtiva edir.

Rəqslərin də dili var

Yeri gəlmişkən, qeyd edək ki, rəqslərimizdə boş-boş atılıb-düşmək, şit hərəkətlər yoxdur. Onlardakı hər bir hərəkətin, işarənin belə müəyyən mənası var. Bu mənada rəqslərimiz xalqımızın bilavasitə ürək döyüntülərinin təzahürüdür. Xalq artisti Təranə Muradovanın sözləri ilə desək, bizim rəqslərdəki sındırmalar, üz mimikaları, süzmələr, zəriflik heç bir xalqın rəqsində yoxdur. Milli rəqslərimizin quruluşunda milli elementlər də özünü büruzə verir. Məsələn, “Nəlbəki” rəqsində muğam parçası da səsləndirilir (Rəqsə belə bir quruluşu tanınmış rəqqasımız, Xalq artisti Əlibaba Abdullayev verib). Sevimli alimimiz, rəhmətlik Xudu Məmmədov isə xalçalarımızın ornamentləri ilə rəqslərimizin elementləri arasında sıx bağlılıq görürdü və bunu bir kökdən çıxan iki budaq kimi xarakterizə edirdi. Elə bu kimi xüsusiyyətlərinə görə rəqslərimiz xarici ölkələrdə daha maraqla qarşılanır. Məsələn, şəxsən mən ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransada keçirilən bir tədbirin təsirindən hələ də qurtarmamışam: tamaşaçılar güclü yağışa baxmayaraq, meydanı tərk etməyib bir-birini əvəz edən həzin, qəlbləri oxşayan Azərbaycan rəqslərini böyük maraq və heyranlıqla seyr edirdilər. Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifa etdikləri “Yallı”, “ Nəlbəki”, “Qazağı”, “Naz eləmə”, “Atəşgah”, “Qarabağ”, “Gənclik” və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Bəli, rəqslərimiz sözsüz, kəlməsiz xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini hər kəsə aşılamaq qüdrətinə malikdir. Musiqinin, rəqsin dili beynəlmiləldir. Hansısa əcnəbi sənin dilini bilmədiyi üçün nə dediyini anlamaya bilər, amma az-çox musiqi duyumu varsa, rəqsini asanlıqla başa düşəcək və orada ifadə olunan duyğuları, hissi özününkü kimi qəbul edəcək.

Ermənilərin gözü var…

Elə bu kimi məziyyətlərinə görə bizim mənəvi dəyərlərimizi, o cümlədən milli rəqslərimizi də mənimsəmək və özününküləşdirmək öz havadarları ilə birgə torpaqlarımızın iyirmi faizini işğal etmiş ermənilərin “mədəni” siyasətinin tərkib hissəsinə çevrilib. Ermənistanın mədəniyyət nazirinin qədim milli rəqslərimizdən olan “Köçəri”ni erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil etməsi üçün YUNESKO qarşısında məsələ qaldırması da, beynəlxalq aləmdə “Uzundərə”mizi erməni nümunəsi kimi təqdim etməyə çalışması da dediklərimizə əyani misaldır. (Bununla bağlı müvafiq qurumlarımız beynəlxalq strukturlara rəsmi etirazlarını bildiriblər və uğurlu nəticələr əldə ediblər). Yeri gəlmişkən, bu yerdə bir məqamı vurğulamaq yerinə düşərdi: vaxtilə ermənilər çoxlu Azərbaycan musiqi folklor nümunələrini, o cümlədən “Uzundərə” və “Ceyrani” Azərbaycan rəqslərini not şəklində dərc etdiriblər.

Rəqslərimiz… gözəllik,

şirinlik əlavə edir

Milli rəqsimizin peşəkar səviyyədə ifasından danışanda Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Böyükağa Məmmədov kimi rəqs nəhənglərimiz yada düşür. Çox təəssüf ki, son illər bu gözəl milli dəyərimizə bəzi rəqqaslar müəyyən “yeniliklər” əlavə etməyə (məsələn, göbək hərəkətləri və sairə), ona yad elementlər calamağa cəhd göstərirlər. Xalq artisti, rəqqasə, “Şərəf” ordenli, Prezident təqaüdçüsü Roza Cəlilovanın sözlərinə görə, indiki rəqqaslar insanların zövqünü korlamaqla yanaşı, milli rəqslərimizin kökünü başqa istiqamətə yönəldirlər. Bu isə qeyri-peşəkarlıqdan xəbər verir. Bu da ən çox rəqslərimizə xüsusi yaraşıq verən milli geyimlərimizin təhrif olunması ilə də nəticələnir. Belə ki, rəqslərdə istifadə olunan geyimlərimiz o qədər dəyişdirilir ki, (araqçın, qolaltı açıq geyimlər, qısa paltarlar) milli rəqsə aid geyimlərdən əlamət qalmır. Halbuki milli rəqsdə baş örpəyindən tutmuş ayaqqabı, eləcə də digər aksessuarlar da mühüm rol oynayır. Belə meydan sulayan rəqqaslara toylarda, nə qədər acı olsa da efirlərdə, demək olar ki, hər gün rast gəlmək mümkündür. Qərb musiqisinə daha çox meyil göstərən belə rəqqaslar sanki rəqslərimizi millilikdən çıxarmaq, bizi öz milli mənəvi dəyərimizdən uzaqlaşdırmaq öhdəliyi götürüblər.

Bütün bunlar bir yana, nə qədər qəribə olsa da, indi bəylə gəlin nikaha girərkən əllərinə şampan qədəhi alaraq şəkil çəkdirir, sonra da bir-birilərinə sarılaraq qayınata və qayınanalarının, yüzlərlə qonağın qarşısında müasir dünyanın “azad” rəqslərini ifa edirlər. Bəzən də gəlin ata evini tərk edərkən insanda zərif hisslər oyadan, toylarımızın şah əsəri sayılan “Vağzalı”dan imtina edir, əvəzində hansısa yad bir musiqinin səslənməsini istəyir (Mənə elə gəlir ki, bu kimi amillər müvəqqəti xarakter daşıyır. Tezliklə rəqslərimizin möhtəşəmliyini hər kəs daha dərindən dərk edəcək). Bəli, bu gün nədənsə böyüklüyü, mədəniyyəti, mənəvi dəyəri kənarda axtarmağa daha çox üstünlük verilir. Halbuki müşahidələrimə əsasən deyə bilərəm ki, “Vağzalı”, “Tərəkəmə”, “Yallı”, “Uzundərə”, “Nəlbəki”, “Ceyrani”, “Cəngi”, “Qaytağı”, “Qazağı”, “Şalaxo”, “Xançobanı”… kimi rəqslərimiz toylarımıza daha çox gözəllik, şirinlik əlavə edir.

Yaxşı olardı ki…

Bəli, bu gün ölkəmizdə müxtəlif festivallar (muğam, caz və sairə) təşkil olunur və çox maraqla qarşılanır. Lakin nədənsə rəqs festivallarına hələ də start verilməyib. Zənnimcə, belə festivalların təşkili bu sahənin inkişafına xüsusi stimul verə bilər. Doğrudur, son illər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rayonlarımızla bağlı geniş, yaddaqalan tədbirlər həyata keçirilir. Bu nöqteyi-nəzərdən bu il təşkil olunmuş “Bölgələrdən paytaxta” layihəsi olduqca cəlbedicidir. Həmin layihə çərçivəsindəki hər bir tədbirdə milli rəqslərimizi görmək, onların cazibəsinə düşmək mümkündür.

Yaxşı olardı ki, unudulan rəqslərimizin bərpası da diqqət mərkəzində olsun. Məsələn, Dədə Qorqud çağından süzülüb gələn od rəqsi anlayışı var. Eşitdiyimə görə, bu rəqs əslində insan duyğularının ekstaz məqamını ifadə edir: aşiq köz üstündə var-gəl edir, amma yanmır. Bu məqam klassik fəlsəfəmizdə “yananın oddan qorxusu olmaz” şəkilində ifadə olunur. Bu isə o deməkdir ki, od həqiqi aşiqin qəlbindədir, sevgisindədir (Kərəmin yanmağı da əslində bu düşüncənin başqa variantıdır). Elə, zənnimizcə, Bəxtiyar Vahabzadənin da “yaşamaq yanmaqdır, yanasan gərək” fikri bu fəlsəfənin təzahürüdür. Yeri gəlmişkən, rəqslərimizi yenidən həyata qaytarmaq sarıdan kifayət qədər təcrübəmiz var. Əgər xatırlayırsınızsa, bir vaxtlar “Yallı” növləri diqqətsizlikdən bir-bir unudulurdu. İfaçıların da hərəsi bir tərəfə üz tutub getmişdi. Həmin ərəfədə 15-18 “Yallı” növü qalmışdı. Ancaq “Yallı”nın beşiyi sayılan Şərurda yallılarımızın itib-batmaması üçün kəndbəkənd, oba-oba dolaşıldı. Nəticədə yaşlı insanların yallılarla bağlı bilgiləri əsasında bir neçə “Yallı” bərpa edildi. Onlardan “Hoynərə” və “Dönə” yallılarının adlarını çəkmək olar.

… Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısı İlham Əliyevin daim diqqətindədir. Dövlət başçısının sözlərinə əsasən, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayır və müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir.

Bəli, bu gün cəmiyyətimiz inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir zamanda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir və böyük vətəndaşlıq məsuliyyəti tələb edir. Bu mənada milli dəyərlərimizin, o cümlədən rəqslərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu isə hər birimizin vətəndaşlıq borcu olmalıdır. Çünki bizim tarixi kimliyimizi, mənliyimizi təsdiqləyən amil məhz cəmiyyətdə hakim olan milli-mənəvi dəyərlərdir. Unutmayaq ki, ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib.

Qvami