Milli QHT Forumunun vitse-prezidenti: Hakimiyyətin atdığı addımları alqışlayırıq

0
190

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan və videokonfrans şəklində müşavirədə ölkə başçısı bir sıra mühüm məsələlərə toxundu. Qeyd etdi ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Dövlətimizin başçısı, həmçinin bütün sahələrdə islahatların aparılmasını vacib saydı və siyasi islahatların mövcud imkanları daha da genişləndirəcəyini vurğuladı. “Bütün hakimiyyət qollarında aparılan islahatlar belə bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin”, – deyə ölkə başçısı bildirdi.

Milli QHT Forumunun regional məsələlər üzrə vitse-prezidenti Qalib Nəbiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında qeyd etdi ki, vətəndaş cəmiyyəti təmsilçiləri də Azərbaycanda aparılan iqtisadi-siyasi islahatları dəstəkləyilər. O, Prezident İlham Əliyevin çıxışında bir sıra vacib mesajların səsləndirildiyini qeyd etdi: “Ölkə başçısının da qeyd etdiyi kimi, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur. Həmçinin yerli icra orqanlarında da kadr islahatları aparılır ki, bu da təqdir edilməlidir. Bundan başqa, diqqət çəkən məqamlardan biri də siyasi partiyalar və parlament seçkiləri ilə bağlı məsələyə dair səslənən fikirlər oldu. Həqiqətən də parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addım idi. O da xüsusi olaraq vurğulanmalıdır ki, tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Həmçinin ilk dəfə olaraq parlament komitələrinin sədrləri və ya müavinləri müxalifət nümayəndələri seçiliblər. Şübhəsiz, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin yeni konfiqurasiyasına yol açan addımlardır.”

Müsahibimiz, həmçinin qeyd etdi ki, Prezident İlham Əliyevin dövlətçilik amilinə verdiyi dəyər onun nitqindəki ifadələrdən bir daha aşkar sezildi: “Yəni cənab Prezident də bildirdi ki, indiki şəraitdə siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tuturlar. Mən də vətəndaş cəmiyyətinin təmsilçisi olaraq hakimiyyət tərəfindən atılan bu addımları dəstəkləyirəm, siyasi dialoqun başlanmasını və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiyalar verilməsini müstəqillik dövründə tam yeni bir vəziyyətin yaradılması kimi qiymətləndirirəm.

Amma bildiyiniz kimi, bir-iki radikal qruplar da oldu ki, hər şeyə qara yaxan bu şəxslər dialoqa da yox dedilər. Prezident də bildirdi ki, dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz. Bu fikirlə tam razıyam! Üstəgəl, bu düşərgədə cəmləşən insanlar uzun illərdir ki, iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparıblar. Yəni, zatən onların niyyət və amalları bəlli idi. Onların əsas məqsədi vəziyyəti gərginləşdirmək, sosial narazılığa yol açan yalan təbliğatlar aparmaqdır”.

Q.Nəbiyev daha sonra dedi: “İndiki halda isə koronavirus pandemiyası kimi bəşəri bir bəla bunlar üçün sanki göydəndüşmə bir hədiyyəyə çevrilib. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Onlar dezinformasiyalar yayır, ictimai fikrə mənfi yöndən təsir etməyə çalışırlar. Prezident də qeyd etdi ki, bu qüvvələr ölənlərin, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. “Bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir”, – deyən ölkə başçısının bu fikrinin bariz nümunəsini isə sosial şəbəkələrdə həmin qüvvələrin anti-Azərbaycan fəaliyyətindən aşkar sezmək olar. Həqiqətən də deyildiyi kimi, Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur və olmamalıdır!”

Qvami Məhəbbətoğlu, “İki sahil”